Havadan payız qoxusu gəlir.
Yay bizimlə sağollaşıb yerini payıza verir. Payız da sevinə-sevinə ilk addımlarını ataraq heyranı olduğumuz təbiətin gözəlliyinə özünəməxsus rəng qatır. Hər fəslin öz gözəlliyi, fərqli rəng çalarları var. Payız fəslinin rəngləri isə daha gözəldir, daha füsunkardır, sirli-sehirli bir aləmdir.
Payız gəlişini yağış, küləklə hiss etdirir. Yağışla, çiskinlə yüklənmiş lay-lay buludlar bir göz qırpımındaca göy üzünə pərdə çəkir, havanın gözü tutulur. Günəşi bizdən gizlədən buludlar bir-birinə çırpılaraq nərilti, gurultu qoparıb, yeri-göyü silkələyir, ildırımlar çaxır.
İsti yay günlərində, bürkülü havalarda yağmayan yağış sanki payızın gəlişindən ürəklənib çisələməyə başlayır. Havanın hərarəti azalır, istiliyi öləziyir. Payızın gəlişini hiss edən Günəş də yavaş-yavaş bizdən “üz döndərir”.
Payız gələndə ilk yada düşən məşhur mahnının sözləri olur: “Payız gəldi, uçdu getdi quşlar…”. Mahnını dinlədikcə quşların uçub getdiyinə, meşələrin onlarsız darıxacağına təəssüflənirik. Təəssüflənirik ki, bir müddət quşların həzin nəğməsinə, cəh-cəhinə həsrət qalacağıq.
Sonra fikirləşirsən ki, o gedən quşlar gələn il qanad çala-çala yuvalarına dönəcəklər. Amma yaşadığımız o günlər heç vaxt geri qayıtmayacaq. Çünki ilk qədəmlərini atan payız ömrümüzün bir yayını da qovub birdəfəlik bizdən uzaqlaşdırır. Ondan bizə yalnız isti, ilıq və acılı-şirinli xatirələr qalır. Kim bilir, bəlkə də bu isti, ilıq xatirələr nə vaxtsa qəlbimizi üşüdəcək, ürəyimizi titrədəcək.
Payız fəsli həmişə insanlar üçün sirli-sehirli, rəngarəng və bənzərsiz olub. Payız küləyi, yağışı və küləyi ilə təbiətin əynindən yaşıl donunu çıxarır. Yayda coşub-çağlayan, yerə-göyə sığmayan, ətrafa meydan oxuyan təbiət yavaş-yavaş əllərini qaldırıb payıza təslim olur, qızılı paltara bürünür. Bu paltar ona elə yaraşır ki, elə bil əyninə biçilib. Bu geyimdə payız təbiətin sarı paltarlı nazlı, qəmzəli gəlininə bənzəyir.
Payızın gəlişini hamıdan tez meşələrin yaraşığı, yaşıl örtüklü ağaclar hiss edir. Onun nəfəsini duyan kimi müdrikcəsinə dərin fikrə gedir. Bəlkə də elə fikir çəkməkdəndir ki, yavaş-yavaş yarpaqlarına xal düşür, saralmağa üz qoyur. Payızın soyuq günləri ötüb keçdikcə ağaclar rəngarəng libasa bürünür. Elə bil bu geyimdə onlar daha müdrik görünür. Yarpaqlar saraldıqca zəifləyib gücdən düşürlər. Çılpaq qalmış ağaclar yavaş-yavaş qış yuxusuna gedirlər. Sirli-sehirli təbiət xəyala dalır, ətrafa sakitlik çökür. Nə quşların nəğməsi, nə də cırcıramaların səsi eşidilir.
Yağışı, küləyi ilə qapımızı döyən payız yaradıcı adamlara ilham gətirir, onlara təzə ruh, təzə nəfəs və həvəs verir. Payız yaradıcı insanlara yeni mövzular bəxş edən fəsildir. Şairlərin ən çox sevdiyi, vəsf etdiyi, nəzmə çəkdiyi də elə payız deyilmi? Onlar bu fəsildə daha çox payız qoxulu şeirlər yazırlar. Bu fəsildə yazılan şeirlərin çoxunda payızın rəngi, ilıq ovqatı var. O ovqat ki, daim bizi yaşamağa ruhlandırır, əlimizdən tutub üzü sabahlara aparır. Rəssamların çəkdikləri əsərlərin də çoxu payıza həsr olunur.
Payız küləkləri dərin yuxuya getmiş düşüncələri oyadır. Yayın bürküsündən təngə gəlib tıncıxan yaradıcı insanlar payızda daha çox yazıb-yaratmağa maraq göstərirlər. Bəlkə də elə buna görə də çoxları payızın gəlişini intizarla gözləyir. Bu baxımdan payız həm də sevib-sevilənlərin xoşbəxtliyə qovuşduğu, arzuların çiçək açdığı toylar fəsildir.
Üzümüzü güldürən payızın insan ömrünə də bənzəri var. Bu fəsildə ağacların yarpaqları saralıb töküldüyü kimi, insanların da düşüncələri saralıb xatirəyə dönür, söz-söz vərəqlər üzərinə səpələnir. Nədənsə, bu fəsildə xəyallara daha tez-tez dalaraq keçmişimizi, arxada qalmış günlərimizi xatırlayırıq. Belə anlarımızda düşüncələrimizlə, fikirlərimizlə baş-başa qalırıq.
Payız mübarək gəlişi ilə insanların üzünə rənglər dünyasının qapılarını geniş açır. Qırmızı, sarı, yaşıl, çəhrayı – daha hansı rənglər olmur payızda. Gördüyümüz və zövqümüzü oxşayan bu rənglər bizi xoş günlərə səsləyir.
Qızılı payız gəlişi ilə neçə-neçə ailələrə sevinc bəxş edir. Evlərdən körpə qığıltısı ilə bərabər, ana laylası da eşidilir. İnsanların üzü gülür, könüllərinə sevinc tökülür. Belə gözəl anlarda insanlar sabahlara böyük ümid və arzularla boylanırlar.
Anlayırıq ki, təki gələn fəsillərin payızı olsun. Ömrümüzün payızı gəlməyə tələsməsin, ləngisin, yubansın. Qoy ömür karvanımız aram-aram öz yolu ilə davam etsin. Heç vaxt yollarda büdrəyib yıxılmasın, çarəsiz dərdlərə düçar olmasın. Payız ömrümüzə yalnız xoş günlər gətirsin.
Qədəmlərin mübarək!
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”
