Lənkəranın igid oğlu Azərbaycanın qəhraman şəhidi, İqbal Ağadadaş oğlu Həsənov 1983-cü il sentyabrın 30-da anadan olmuşdu.

Tanıyanlar, bilənlər söyləyirlər ki, İqbal özünə, sözünə güvənən oğlan idi. Mayası zəhmətdən yoğrulmuşdu.

Sərbəstliyə, müstəqilliyə can atırdı. Elə bu məqsədlə də orta məktəbin 9-cu sinfində təhsilini yarımçıq saxlayıb Rusiyaya qazanc dalınca yollandı. 18 yaşı tamam olanda Vətənə qayıdıb könüllü əsgər getdi. Evə ancaq xoş sorağı gəlirdi. Bir neçə dəfə komandirlərindən alınan məktublarda İqbalın nümunəvi və intizamlı bir əsgər olduğu, döyüş tapşırıqlarına layiqincə əməl etdiyi bildirilirdi. Tərxis olunacağı barədə sərəncamın verilməsinə cəmi bir həftə qalırdı…

İyunun 15-də Milli Qurtuluş günü səhər erməni daşnakları atəşkəs sazişini xaincəsinə pozaraq İqbalın qulluq etdiyi Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonundakı hərbi hissəsinin mövqelərini atəşə tutdular. Düşmənlə əsl ölüm-dirim mübarizəsinə girişən əsgərlərimiz ermənilərin cavabını layiqincə verərək onları susdurmağa müvəffəq oldular. İqbal bu döyüşdə fədakarlıq göstərib, düşmən tərəfə sarsıdıcı zərbələr endirdi. Amma çox təəssüf ki, o, namərd erməni snayperindən yayına bilmədi. Düşmən gülləsinə tuş gələn İqbal Həsənov qəhrəmancasına həlak oldu. Vətən torpağı, xalqının qeyrəti uğrunda şəhid olan lənkəranlı balasının həyat yolu beləcə əbədiləşdi, sonsuzluğa qovuşdu və müqəddəsləşdi…

O, Vətən sevgisini sözlə deyil, canı ilə sübut edən gənclərimizdən biri idi. Həyatının hər anı torpaq sevgisi, sədaqət və qəhrəmanlıqla yoğrulmuşdu.

2003-cü il iyunun 16-sı səhərin gözü Lənkəranın Şağlaser kənd sakinləri üçün qara xəbərlə açıldı. Ağadadaş kişinin oğlu İqbalın cəbhə bölgəsində həlak olması xəbəri böyükdən-kiçiyə bütün kənd əhlini sarsıtmışdı.

O, şəhid oldu ki, biz azad nəfəs alaq.

Ruhu şad olsun!

Aqşin Ağaddinoğlu
Xəbər24.Online

Lənkəaran

By admin