Bölgə

Zaqatala rayonunda maarifləndirici tədbir təşkil olunub.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə uyğun olaraq tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında maarifləndirici tədbir təşkil olunub.

Xəbər24.Online xəbər verir ki, Tədbirdə Zaqatala Rayon İcra Hakimiyətinin birinci müavini, rayon Komissiyasının sədri, Universitetin direktoru, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, rayon polis şöbəsinin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri vəgənclərin asudə vaxtlarının faydalı təşkili barədə ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.