Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əxlaq, əqidə var.
Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Ona görə də şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür, Vətənə can fəda etməkdir.
Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik.
Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlardır şəhidlər. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər.
Ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır şəhidlər. Qorxu duymadan, üzərində böyük vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan 30 il həsrətində olduğumuz Zəfər sevincini qanları bahasına 44 günə bizə yaşadan igidlərin sırasında 27 il bundan əvvəl Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmış Murad Mahmud oğlu Hüseynzadə də var.
Murad Mahmud oğlu Hüseynzadə 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.
Vətənə, torpağa sevgi ilə böyüyən Murad orta məktəbi başa vuranda hamı onun xalqa fayda vermək əzminə, sağlam əqidəsinə, gözəl əməllərə can atmasına heyran kəsilir. Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb. Həqiqi hərbi xidmətə də əzəli yurd yerimiz olan Qarabağı azad görmək arzusu ilə yola düşür.
Murad cəbhə xətində Vətən qarşısında borcunu şərəflə verir. Qulluq dövründə çətin məqamlarda belə müqəddəs saydığı Vətən torpağına sipər, yağı düşmənə çəpər olmağı bacaran igid kimi tanınır. Erməni işğalçılarına nifrət bəsləməklə, zəfər günümüzə də ürəkdən inanır. Elə bu, inamla əsgəri xidmətini üzüağ başa vurub evinə dönür. Lənkəran Regional Narkoloji Xəstəxanasında ixtisası üzrə çalışır. Gözəl həyat naminə öz işinə təmiz, ulu duyğularla yanaşır. Qapısını döyənə səmimi, təmənnasız münasibət göstərir. Bacardıqca insanlara yaxşılıq etmək onun həyat kredosuna dönür.
Azərbaycan torpaqlarının azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başlananda Murad cəbhəyə yola düşür. Vətəni öz qanı bahasına yaşadan oğullarla Füzuli istiqamətdə yağıya qan uddurur. Məğlub olan işğalçılar rayonu tərk edib silah-sursatlarını belə götürmədən qaçırlar. Füzuli tamamilə azad edilir.
Üç rəngli Azərbaycan bayrağı orada dalğalananda Murad başda olmaqla bütün Vətən oğulların ürəyi dağa dönür. Murad bundan sonra Cəbrayılın, Qubadlının hər qarışı uğrunda əzmlə mübarizə aparır. 33 gün odun-alovun içində ağır döyüş yolu keçir. 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
A.ŞAĞLASERLİ
Xəbər24.Online
Lənkəran
