Yanvarın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
Xəbər24.Online nin məlumatına görə, Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
İcra başçısı ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına müraciətlər ünvanlandığını və bu barədə vətəndaşlara məlumat verildiyini qeyd edib.
Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, araşdırılır, həlli istiqamətində uyğun mexanizmlərin tapılmasına ciddi cəhdlə çalışılır və nəticə barədə qanunamüvafiq müddətdə cavabların verilməsi təmin edilir.
Vətəndaş müraciətlərinə baxılmasında şəffaflıq tam təmin edilib, heç bir müraciət diqqətdən kənarda qalmır.
İcra başçısı yerli insanları diqqətlə dinləyib, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti səlahiyyətli şəxslərə tapşırıq və tövsiyələrini verib.
Şağlaser, Cil və Xarxatan kəndlərinin sakinləri görüş-qəbuldan və göstərilən səmimi yanaşmadan məmnun qalıblar, vətəndaş məmnunluğunun təmin olunmasına, vətəndaşla dövlət qurumları arasında birbaşa dialoq mühitinin daha da inkişaf etməsinə və qaldırdıqları məsələlərə operativ reaksiya verilməsinə görə cənab Prezident İlham İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.