Metro yeni

Bakı metropoliteninin xətt şəbəkəsinin genişləndirilməsi çərçivəsində yaxın illərdə xeyli sayda yeni dayanacaq istifadəyə veriləcək.

Xəbər.Online-saytı xəbər verir ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2030-cu ilə qədər olan dövrü əhatə edən xüsusi proqram çərçivəsində cəmi 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, bu genişlənmə paytaxtın yeraltı nəqliyyat tarixində ən böyük mərhələlərdən birini təşkil edəcək.

O qeyd edib ki, görülən işlərin nəticəsi olaraq artıq bu il, yəni 2026-cı ildə stansiyalardan birinin qapıları sərnişinlərin üzünə açılacaq. Söhbət “Bənövşəyi xətt” üzərində yerləşən və şərti adı “B4” olan stansiyadan gedir. Ötən il ərzində həmin ərazidə tikinti və tamamlama işləri daha da sürətləndirilib ki, bu da layihənin vaxtında yekunlaşmasına zəmin yaradır.
Paytaxtın yeraltı nəqliyyat sisteminin bu dərəcədə böyüməsi təkcə sərnişin sıxlığının azalmasına deyil, həm də şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edir.
Şəhər mərkəzi ilə kənar yaşayış massivləri arasında birbaşa və sürətli əlaqənin qurulması Bakının mobillik imkanlarını beynəlxalq standartlar səviyyəsinə qaldıracaq strateji addımdır.
Qeyd edək ki,10 yeni stansiyanın tikilməsi ilk növbədə tıxaclarda itirilən vaxtın geri qazanılması deməkdir.
Xüsusilə yeni stansiyaların istifadəyə verilməsi avtobuslardakı və küçələrdəki sıxlığı azaldacaq, sakinlərin şəhərin bir ucundan digərinə daha rahat, ucuz və təhlükəsiz çatmasına imkan yaradacaq. Açılacaq “B4” stansiyası isə həmin ərazidə yaşayan və işləyən minlərlə insanın gündəlik hərəkət marşrutunu əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Aqşad
Xəbər24.Online

By admin