Lənkəran Dövlət Universitetində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2 Fevral Gənclər Günü münasibətilə universitet gəncləri üçün nəzərdə tutulmuş velosipedlərin təqdimatına həsr olunmuş açılış mərasimi keçirib.
Xatırladaq ki, Gənclər və İdman naziri Fərid Qayıbovun Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) heyəti, Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və müavinləri ilə keçirilən görüşündə LDU Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadə bu təşəbbüslə çıxış edib.
Təşəbbüs nazirlik tərəfindən yüksək qiymətləndirilib və universitetə 25 ədəd velosiped, qoruyucu kasketləri, su qabları ilə birgə hədiyyə edilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Ramiz Şəmmədov, tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov çıxış edərək layihənin gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması baxımından əhəmiyyətini vurğulayıblar, həmçinin təşəbbüsə göstərilən dəstəyə görə Gənclər və İdman naziri Fərid Qayıbova minnətdarlıq bildiriblər.