Lənkəran Mərkəzi Kitabxanasında 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclərimiz gələcəyimizdir” adlı təntənəli tədbir keçirilmişdir.

Xəbər24.Online-nin məlumatına görə, Tədbirdə rəsmlər, rayon ziyalıları, gənclər, kitabxana əməkdaşları iştirak ediblər.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzi Kitabxanasının direktoru Arzu Rufullayeva gəncləri əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onların Azərbaycanın sabahını formalaşdıran əsas qüvvə olduğunu vurğulamışdır.

A.Rufullayeva çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, gənclərə gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və davamlı uğurlar arzulamışdır.

Daha sonra çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyin Lənkəran şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan veteranları cəmiyyətinin sədri Fəxrəddin Hüseyn,Şair Qulaməli Hüseynov, ictimai-xadim,şairə ƏfsanəSultan Xəlilbəyli, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova,LDU- nəzdində Sosial və Aqrar-Təxnoloji kollecin müəllimi Yaqut Salamqızı, gənc xanəndə Allahverən Pərvizoğlu, gənc yazar Aynur İsmayıl, Lənkəran MKS-in Uşaq şöbəsinin böyük biblioqrafı Kəmalə Məmmədova, MKS-in Sütəmurdov kənd filialının müdiri Nuranə Cəfərova 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk Gənclər Forumunun Azərbaycan gəncliyinin ictimai-siyasi həyatında mühüm dönüş nöqtəsi olduğunu bildirmişlər.

Qeyd olunmuşdur ki, həmin forum gənclərin dövlət quruculuğunda fəal iştirakına, onların yaradıcı potensialının üzə çıxarılmasına və milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc nəslin formalaşmasına güclü təkan vermişdir.

Vurğulanmışdır ki, bu gün Azərbaycan gəncləri elm, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində qazandıqları uğurlarla ölkəmizi layiqincə təmsil edirlər.

Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifasında səsləndirilən rəngarəng musiqi nömrələri tədbirə xüsusi bayram ovqatı qatmış, iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

Tədbirin sonunda Lənkəran Mərkəzi Kitabxanasında keçirilən tədbirlərdə fəal iştiraka görə və 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc fəxri fərmanlarla təltif olunmuş, sonda isə xatirə şəkli çəkdirilmişdir.

 

By admin