Bölgəyə təşkil olunmuş infoturdan geriyə qalanlar

Yanvarın 31-də “Millennium Turizm” şirkətlər qrupunun təşəbbüsü, “Arena Hotel Group”un təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal İnternational Baku” klubunun rəsmi dəstəyi ilə “Millennium Turizm” şirkətlər qrupunun incoming (gəlmə) turizm departamentinin əməkdaşları üçün “Arena Hotel Quba”ya təftiş-infotur təşkil olunub.

“Millennium Turizm” şirkətlər qrupunun rəhbəri Ruslan Quliyev iştirakçılara məlumat verərək bildirib ki, proqram satış, əməliyyat və marketinq komandalarının real praktik bilik və bacarıqlar əldə etməsinə hesablanıb. Onun sözlərinə görə, infoturun əsas məqsədi Quba bölgəsinin turizm potensialı ilə yerində tanışlıq, bölgənin turizm məhsullarının turizm şirkətləri şəbəkəsi vasitəsilə təqdimat və satış imkanlarının genişləndirilməsi, eləcə də “Arena Hotel Guba”nın mehmanxana infrastrukturu və əlavə xidmət sahələrinin tanıdılması, uzunmüddətli işgüzar əməkdaşlıq əlaqələrinin formalaşdırılmasından ibarətdir. Şirkət rəhbəri qeyd edib ki, düzgün planlaşdırılmış və peşəkar şəkildə təşkil olunmuş belə təftiş-infoturlar satış və marketinq fəaliyyətlərinin effektivliyini artırır, destinasiyaların real potensialını ortaya çıxarır, hotellər və turizm şirkətləri arasında etibarlı və uzunmüddətli tərəfdaşlıq yaradır. “Millennium Turizm” gələcəkdə də regionların turizm imkanlarının tanıdılması və incoming turizmin inkişafı istiqamətində bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır”, – deyə Ruslan Quliyev əlavə edib.

İnfotur iştirakçıları “Arena Qrand Hotel” və “Arena Sport Hotel”lə yaxından tanış olublar. “Arena Hotel Quba”nın ön ofis meneceri Camal Həziyev bildirib ki, kompleksin 16 hektar ərazisində 3 hotel, 20 nömrədən ibarət 5 apartament, bir neçə villa fəaliyyət göstərir. Bundan əlavə, kompleksin ərazisində 7 min nəfər tutumu olan futbol meydançası var ki, burada ölkədaxili oyunlar keçirilir. Hotel rəsmisi onu da əlavə edib ki, Quba Olimpiya Kompleksi müxtəlif istiqamətdə idman yarışlarına ev sahibliyi etməklə bərabər, burada yerləşən hotellərdə hər növ turisti qəbul etməyə lazımi şərait yaradılıb.

Arena Hotel Qrup”un tərkibində 40 hotel fəaliyyət göstərir

“Arena Hotel Qrup”un direktoru Cavid Seyidov infotur iştirakçıları ilə görüşdə bildirib ki, bir il əvvələ qədər olimpiya idman kompleksləri yalnız idmana xidmət edib. İndi isə eyni zamanda hotel xidməti də göstərir. “Hazırda “Arena Hotel Qrup”un tərkibində 40 hotel fəaliyyət göstərir. Bugünlərdə Yevlaxda daha bir hotelimiz işə başlayacaq”, – deyə Cavid Seyidov diqqətə çatdırıb. Onun sözlərinə görə, turistlərə çoxsaylı əlavə xidmətlər təqdim edilir və onlar Quba Olimpiya Kompleksinin ərazisindən çıxmadan 3-4 gün rahat istirahət edə bilirlər. Sonda infotur iştirakçılarına və “Arena Hotel Qrup”un təmsilçilərinə “Milennium Turizm” şirkətlər qrupu tərəfindən təşəkkür sertifikatları təqdim olunub.

Alabaşın qonaqpərvərliyi, Müjdənin “zarafatı”, meyvə toplamanın keyfi…

İnfotur iştirakçılarının Qubanın 2-ci Nügədi kəndində yerləşən “Kənd İnn” aqroturizm müəssisəsinə səfəri də maraqlı təəssüratlarla yadda qalıb. Öncə onu qeyd edək ki, kənd həyatını müəssisənin lap girişindən hiss etmək mümkündür. Burada turistləri ötən əsrin 70-80-ci illərinin kənd marşrutu olan “Alabaş” avtobusu və Alabaş “qarşılayır”. “Kənd İnn”ə daxil olduqda isə ilk diqqəti cəlb edən müxtəlif növ atların saxlandığı tövlədir. Bələdçi məlumat verir ki, burada Qarabağ, İngilis və yerli atlar var ki, onlar yarışlarda iştirak edirlər, bəziləri dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən yarışların qalibi olub. “Kənd İnn”də, demək olar ki, bütün ev heyvanları saxlanılır. Turistlər onlarla tanış ola, şəkil çəkdirə bilirlər.

“Kənd İnn”in maraqlı sakinlərindən biri də uzunqulaq Müjdədir. Onun “Əgər hələ subaysınızsa, bəxtinizin açarı məndədir” mesajı qonaqların üzündə şirin bir təbəssüm yaradır. Müəssisənin rəhbəri Vüsal Şərifli qonaqlara məlumat verərək bildirib ki, 30 hektar ərazidə alma, armud, gilas, şaftalı, nektarin, gavalı bağları var, həmçinin müxtəlif növ tərəvəzlər, bostan bitkiləri yetişdirilir. Onun sözlərinə görə, turistlər öz istəklərinə uyğun olaraq meyvələri toplayırlar, arzu edənlər yaxınlıqda yerləşən piknik sahəsində bostandan təzə-təzə tərəvəzləri toplayıb yemək hazırlayırlar. Bunun üçün onlara lazım olan bütün şərait yaradılıb. Bir sözlə, təbiətin qoynunda yerləşən bu kiçik kənd modeli dinclik və hüzur tapmaq, ailə ilə vaxt keçirmək üçün mükəmməl məkandır.

İnfoturun ikinci günü iştirakçılar “Quba Palace Hotel”ə baş çəkiblər. Buradakı xidmətlərlə tanışlıqdan sonra onlara hotelin ərazisindəki qolf klub haqqında geniş məlumat verilib.

 

Fəxriyyə ABDULLAYEVA

By admin