Özüm də bir gənc olaraq yaradıcı və uğura imza atan gəncləri tanıtmaq, onları geniş ictimaiyyətə təqdim etmək məqsədilə daim dəstək olmuşam və bu istiqamətdə paylaşımlar etmişəm.
Düzdür, ixtisasca yazıçı və ya jurnalist olmasam da, bu sahədə də addımlar atırıq ki, dəyərli insanlarımız tanınsın.
Çünki cəmiyyətimizdə çox dəyərli ziyalılar var və onların layiqli davamçıları yetişməlidir.
Aynur xanımı məktəb illərindən tanıyıram. Eyni ildə məzun olmuşuq. Hərbi xidmətdən qayıtdıqdan sonra mediada onun imzası ilə qarşılaşmaq,
“General qızı” romanını qələmə alan gənc bir yazar kimi uğur qazanması məni olduqca sevindirdi.
Bu uğur gənclərin yaradıcılıq potensialının və əzminin bariz nümunəsidir.
Bu gün sizə gənc yazar, “General qızı” romanının müəllifi Aynur İsmayıl ilə müsahibəmizi təqdim edirəm.
– Salam, Aynur xanım. Necəsiniz?
– Salam, təşəkkür edirəm, yaxşıyam. Siz necəsiniz?
– Çox sağ olun. İnanıram ki, müsahibəmiz maraqlı və uğurlu alınacaq. Başlayaq?
– İnşallah, buyurun, başlayaq.
Sual 1. Hərbçi ailəsində böyümək sizin xarakterinizə və həyata baxışınıza hansı təsirləri göstərib?
Hərbçi ailəsində böyümək mənə erkən yaşlardan intizam, səbir və məsuliyyət hissi qazandırıb. Həyata daha ciddi, eyni zamanda daha dözümlü baxmağı öyrənmişəm. Çətinliklər qarşısında geri çəkilməmək, başladığım işi sona çatdırmaq xarakterimin əsas cizgilərindən biridir və bunun kökündə ailəmdən aldığım tərbiyə dayanır.
Sual 2. Məktəb illərinizdə sizi ən çox motivasiya edən müəllim və ya hadisə hansı olub?
Bəzən yazdığım esse və ya inşalar müəllimlərimə inandırıcı gəlmirdi, o zamanlardakı kiçik qız özünü sübut etməyə çalışırdı. Bu onu hər dəfə bir öncəkindən daha gözəl yazılar yazmağa sövq edirdi. Ancaq bir gün sinif işində yazdığım şeiri müəllim üçün oxuduqda müəllimim yazılarımın mənə aid olduğuna inandı, çünkü həmin gün onun yanında yazmışdım. O gün bütün sinifin məni alqışlaması və müəllimimin gündəliyimə 5 “əhsən!” yazması motivasiya edən hadisələrdəndir.
Sual 3. Gənc yaşda uğurlara imza atmaq sizdə daha çox məsuliyyət, yoxsa daha böyük hədəflər yaradıb?
Hər ikisini. Uğur məni arxayınlaşdırmır, əksinə, daha məsuliyyətli etdir. Artıq təkcə özüm üçün yox, mənə inanan insanlar üçün də daha yaxşı əsərlər yazmalı olduğumu bilirəm. Bu isə avtomatik olaraq hədəflərimi böyüdür.
Sual 4. Təhsil və uğurlarınıza görə aldığınız fəxri fərmanlar sizin üçün nə ifadə edir?
Fəxri fərmanlar mənim üçün sadəcə kağız parçası deyil. Onlar zəhmətin, yuxusuz gecələrin və öz üzərimdə işləməyimin rəmzidir. Hər biri mənə “doğru yoldasan” deyən motivasiyadır.
Sual5. “General qızı” romanını yazmaq ideyası necə yarandı və bu əsərlə oxucuya hansı mesajı vermək istədiniz?
“General kızı” ideyası müşahidələrimdən yarandı. Bu əsərlə oxucuya göstərmək istədim ki, bir soyad, bir status insanın taleyini təkbaşına müəyyən etmir. İnsan öz kimliyini özü yazır.
Güclü görünən insanların da daxili savaşları olur. Və oxucularıma əsas mesajım nə olursa olsun, nə yaşayırlarsa yaşasınlar, ürəklərində Vətənə olan sevgi heç vaxt azalmasın, əksinə gündən-günə daha da artsın.
Sual 6. Tarixçi düşüncə tərzi yazıçı yaradıcılığınıza necə təsir edir?
Tarixçi düşüncə mənə səbəb-nəticə əlaqəsini güclü qurmağı öyrədib. Hadisələrə səthi yox, dərin baxıram. Keçmişi anlamaq, insan davranışlarını daha real və əsaslı yazmağıma kömək edir.
Sual7. Gələcəkdə özünüzü daha çox müəllim, yoxsa yazıçı kimi görürsünüz?
Hər ikisi mənim üçün dəyərlidir. Müəllimlik təkcə bilik vermək deyil, eyni zamanda bir yazıçı kimi hissləri qarşındakına düzgün ötürməkdir.
Mən özümü həm öyrədən, həm də düşündürən biri kimi görürəm. Hər durumda, hansını seçsəm belə tək amalım cəmiyyətə fayda vermək olacaqdır.
Sual 8. Sizin kimi gənclərə nümunə olmaq istəyən Aynur İsmayılın həmyaşıdlarına mesajı nədir?
Yaşıdlarıma demək istədiyim: xəyallarınızın ardınca sonuna kimi gedin. Heç kim sizin yerinizə arzularınızı reallaşdırmayacaq.
Özünüzə inanın, gecikməkdən qorxmayın və ən əsası — başladığınız yoldan yarımçıq dönməyin.
Sual9. Gənc yazar olmaq sizə nə qazandırdı?
Dünyaya daha dərin baxmağı, heç bir hadisənin, heç bir qarşılaşmanın təsadüf və ya elə-belə olmadığını öyrətdi.
Özümü ifadə etməyi, tənqidə dözümlü olmağı və səbr etməyi öyrətdim. Eyni zamanda insanları daha yaxşı anlamağa başladım.
Sual 10. Oxucu rəyləri sizi necə təsirləndirir?
Oxucu rəyləri mənim üçün güzgüdür. Bəzən sevindirir, bəzən düşündürür, amma hər halda inkişaf etdirir.
Bir cümləlik belə olsa, səmimi rəy mənim üçün çox dəyərlidir. Və oxucu rəyi məni hər zaman yazmağa sövq edən amillərdən olmuşdur.
Sual 11. Gənclərə kitab oxumaqla bağlı nə demək istərdiniz?
Kitab oxumaq insanın dünyanı və özünü tanımasının ən səssiz, amma ən dərin yoludur. Kitablar düşünməyi, sual verməyi və doğru ilə yanlışı ayırmağı öyrədir. Oxuyan gənc heç vaxt dar çərçivədə qalmaz, çünki hər kitab ona yeni bir baxış bucağı qazandırır.
Məncə, bir gəncin özünə verə biləcəyi ən böyük sərmayə oxuduğu kitablardır — bu sərmayə heç vaxt itmir, əksinə insanı böyüdür.
Sual 12. Yeni layihələriniz varmı?
Bəli, hazırda üzərində işlədiyim yeni ideyalar var. Həm tarixi, həm də müasir mövzuları əhatə edən layihələr planlaşdırıram.Oxucuları yenə düşündürən və dərin hisslər keçirəcəkləri əsərlər olacaq.
– Aynur xanım, sonda vaxt ayırıb müsahibə verdiyiniz üçün sizə təşəkkür edirəm. Fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram ✨
– Mən təşəkkür edirəm, Allahverən müəllim. Sizin kimi zəhmətkeş və bölgəmizin uğurlarını daim işıqlandıran gəncimizə müsahibə vermək mənim üçün xoş oldu.
Göstərdiyiniz diqqət və dəstəyə görə minnətdaram.
Allahverən Pərvizoğlu ✍️
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı.

