“Lənkəran Ziyalılarını Tanıyaq”

Babayeva Solmaz Cəfərbala qızı 1938-ci il martın 2-də anadan olmuşdur. O, 1956-cı ildə Lənkəran Pedaqoji Texnikumunu ibtidai sinif müəllimi ixtisası üzrə bitirmiş və elə həmin ildən etibarən Lənkəran şəhər 4 nömrəli məktəbdə əmək fəaliyyətinə başlamışdır. Bu təhsil ocağı onun üçün sadəcə bir iş yeri deyil, ömrünün böyük və mənalı bir hissəsi olmuşdur.

1956-cı ildə ailə həyatı quran Solmaz müəllimənin bu evlilikdən dörd övladı dünyaya gəlmişdir. O, həm peşəsinə sədaqətli müəllim, həm də qayğıkeş ana kimi ailəsində və cəmiyyətdə daim hörmət qazanmışdır.

Solmaz Babayeva 56 il ərzində fasiləsiz olaraq bir təhsil müəssisəsində çalışaraq pedaqoji fəaliyyətinə böyük məsuliyyət və fədakarlıqla yanaşmışdır. Sinif müəllimi kimi 16 ibtidai sinif buraxılışı verərək yüzlərlə şagirdin ilk savad yoluna işıq salmış, onların formalaşmasında mühüm rol oynamışdır. Səmimiyyəti, səbrli münasibəti və pedaqoji bacarığı ilə həm şagirdlərin, həm də müəllim kollektivinin dərin rəğbətini qazanmışdır.

Uzun illər səmərəli fəaliyyətinə görə Solmaz Babayeva “Əmək veteranı” adına, “Təhsil əlaçısı” döş nişanına layiq görülmüş, eləcə də bir çox fəxri fərmanlarla təltif edilmişdir. Onun adı çalışdığı kollektivdə nümunəvi müəllim, yüksək insani keyfiyyətlərə malik bir şəxs kimi həmişə ehtiramla xatırlanır.

Təəssüf ki, Solmaz Babayeva 12 sentyabr 2025-ci il tarixində vəfat etmişdir. O, cismani olaraq aramızdan ayrılsa da, yetişdirdiyi şagirdlərin qəlbində, təhsilə verdiyi töhfələrdə və nurlu xatirələrdə daim yaşayacaqdır.

Ruhu şad, məkanı cənnət olsun.

Allahverən Pərvizoğlu ✍️
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı.

 

By admin