“Lənkəran ziyalılarını tanıyaq” silsiləsindən təqdim olunan bu yazı sözə, sənətə və mətbuata ömrünü həsr etmiş dəyərli ziyalı Ağaddin Abdulla oğlu Babayevin mənalı həyat və yaradıcılıq yoluna həsr olunur.
Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuşdur. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olmuş, 1985-ci ildə ali təhsilini başa vurmuşdur. Onun əmək fəaliyyəti zəngin və çoxşaxəli olmuşdur. Müxtəlif illərdə Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda “Qırmızı Ulduz” İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir kimi çalışmışdır. Daha sonra mədəniyyət və mətbuat sahəsində fəaliyyət göstərmiş, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, “Lənkəran” qəzeti redaksiyasında müxbir və şöbə müdiri, “Bakinski raboçi” qəzetində xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışmışdır. Ağaddin Babayev pedaqoji fəaliyyətlə də məşğul olmuş, uzun illər Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. Onun müəllimlik fəaliyyəti gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynamışdır. Təxminən əlli il bədii yaradıcılıqla məşğul olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, eləcə də rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif mətbu orqanlarda və ədəbi almanaxlarda dərc edilmişdir. Onun bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulmuşdur. O, iki kitabın müəllifidir. Ağaddin Babayev bir sıra ədəbi müsabiqələrin, o cümlədən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəfələrlə keçirdiyi məqalə müsabiqələrinin qalibi olmuş, jurnalistika sahəsində xidmətlərinə görə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Ömrünün sonuna qədər “Lənkəran” qəzeti redaksiyasında şöbə müdiri vəzifəsində çalışan ziyalı 21 iyun 2025-ci il tarixində doğulub boya-başa çatdığı Lənkəran rayonunun Şağlaser kəndində vəfat etmişdir. Ağaddin Babayev mənalı ömür yolu, zəngin yaradıcılığı və ziyalı mövqeyi ilə Lənkəran mədəniyyət tarixində silinməz iz qoymuşdur.
Allahverən Pərvizoğlu ✍
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı.
