Vətən Müharibəsinin mülki şəhidi Yasin Ələsgər oğlu Əhmədovun (07.12.1984-cü il Xocavənd rayonu, Günəşli kəndi — 15 noyabr 2020-ci il Füzuli rayonu) əziz xatirəsinə həsr edirəm…

Əgər oxucularımın xatirindədirsə, mən qısa müddət bundan öncə yazmış olduğum “Suverenliyimizi təmin edənlər” adlı kitabımda antiterror şəhidi Əhmədov Yusif Ələsgər oğluna onun döyüş yolundan bəhs edən “Vətənin yenilməz igidi Yusif” adlı məqalə həsr etmişdim. Məqalədə şəhid olmazdan əvvəl Yusifin və ailəsinin başına gələn faciəli, bir o qədər də şərəfli hadisədən bəhs etmişdim.

Belə ki, 44 günlük müharibədə biri mülki, biri hərbi sahədə çalışsa da bir cəbhədə mübarizə apararaq Vətənimizə uzanan qanlı qılıncları məharətlə qınına qaytarmış olan iki qardaş — Yasin və Asif Əhmədovlar zəfərlə başa çatmış müharibədən az sonra minaya düşürlər və nəticədə, Asif qazilik, Yasin isə şəhidlik mərtəbəsinə yüksəlir. Sözü çox uzatmaq istəmirəm. Gəlin mülki şəhidimiz Yasin Əhmədovun həyat yolunu daha dəqiq və dərin anlamaq üçün şəhidimizi onun qızı, Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi Sevinc Əhmədovanın dilindən tanıyaq: “Mənim atam Yasin Ələsgər oğlu Əhmədov ürəyi Vətəni ilə, ailəsi ilə döyünən bir qəhrəman idi.

O, 7 dekabr 1984-cü ildə Xocavənd rayonunun Günəşli kəndində dünyaya göz açmışdır. Füzuli rayonunda yerləşən Azər Quliyev adına tam orta məktəbdə təhsilini başa vurmuşdur. Uşaqlıqdan vətənpərvər ruhda böyümüşdür. Vətən sevgisi onun üçün sadəcə söz deyildi, həyatının mənası idi. Onun bütün davranışlarında bu sevgi hiss olunurdu.

Atam rəsmi olaraq hərbi sahədə işləməsə də hər zaman hərbçilərlə bir yerdə olardı. Onları istədikləri yerə öz şəxsi avtomobili ilə aparar, köməyə ehtiyac olan yerdə isə ilk özü köməyə çatardı. Müharibə vaxtı isə bu fədakarlıq daha da artdı. Heç düşünmədən öz “Niva” markalı avtomobilini kömək üçün hərbçilərin istifadəsinə vermişdi. Çünki onun üçün mal-mülk deyil, Vətənin taleyi önəmli idi.

Bayram günlərində atam hərbçiləri unutmazdı. Anama müxtəlif cür xörəklər hazırladar, həmin xörəkləri aparıb əsgərlərə verərdi. Bunu bir borc kimi yox, ürəkdən edərdi. Atam üçün əsgər — Vətənin balası idi.
Atamla anamın bir-birlərinə qarşı xoş münasibəti ailəmiz üçün böyük örnək idi. O, anama hər zaman sevgi və hörmətlə yanaşardı. Evimizin sakitliyi, bərəkəti onların bir-birinə olan anlayışından irəli gəlirdi. Atam sözünü yüksək səslə yox, davranışı ilə deyən bir insan idi. Anamı hər zaman qoruyar, zəhmətini qiymətləndirərdi.
Qardaşım və bacımla münasibəti isə çox mehriban və ata qayğısı ilə dolu idi. Qardaşımla daha çox dost kimi davranar, ona yol göstərərdi. Bacıma isə xüsusi həssaslıq və ata sevgisi ilə yanaşardı. Heç vaxt aramızda fərq qoymazdı. Hamımızı eyni sevgi ilə qucaqlayardı. Biz özümüzü onun yanında həmişə təhlükədən uzaqda və xoşbəxt hiss edirdik.

Bizimlə, yəni övladları ilə münasibəti çox səmimi idi. Evimizdən daima gülüş səsləri gələrdi. Gün boyu deyib-gülərdik. Atam uşaqla uşaq kimi, böyüklə böyük kimi davranmağı bacarırdı. Hər kəsi anlayan, hər kəslə düzgün ünsiyyət quran bir insan idi. Tam mənada əsl ailə başçısı — həm dayağımız, həm arxamız idi.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində atam qəhrəmancasına şəhid oldu. O gün biz ata itirdik, anam həyat yoldaşını, qardaşımla bacım isə dayaqlarını itirdi. Amma Vətən bir qəhrəman qazandı. Atamın şəhidliyi mənim üçün həm ağır bir dərd, həm də ömürlük qürurdur.
Bu gün atam yanımızda olmasa da onun verdiyi tərbiyə bizimlə yaşayır. Anamın səbrində, qardaşımın duruşunda, bacımın gücündə onun izi var. Atamın adını çəkəndə başımı dik tuturam. Çünki o, ailəsinə və Vətəninə ləyaqətlə sahib çıxmış bir insan idi.

Atam mənim üçün təkcə bir xatirə deyil, həyat dərsidir.
Onun övladı olmaq mənim üçün ən böyük fəxrdir. Ruhun şad olsun, ata. Sənin yolun bizim yolumuzdur.”

Şəhidimizin qızının, əziz bacımızın bu dəyəri qızıldan da üstün olan sözləri heç bir vətən övladını kədərləndirməyə və qürurlandırmaya bilməz. Gənc yaşında böyük vətən, ata sevgisindən və bu sevgidən yaranan kamillikdən irəli gələn bu sözlər sanki bütün şəhid övladlarının, ailələrinin adından edilmiş bir çıxışdır. Bu sözlər təkcə şəhid ailələrinin, şəhid övladlarının eyni anda yaşadıqları çətinlik və mətanətdən, dəyanətdən xəbər vermir, eyni zamanda özünü Azərbaycan övladı hesab edən hər kəsin həyat amalı olmalıdır. Hansı ki qəhrəmanımız Yasin Əhmədov öz həyatı ilə bu amala sadiqliyini göstərmiş və eyni sadiqliyi şəhadəti ilə bizlərə miras qoymuşdur. Bu nümunəvi həyat və şəhadət heç bir Azərbaycan övladının diqqətindən kənarda qalmayacaq və qalmamalıdır da. Uğrunda neçə-neçə Yasinlərin şəhadətə ucaldığı vətənimiz gənc nəsillərin əllərində yüksəldikcə o nəsillərin getdiyi yol Yasinin yolu, amalı Yasinin amalı olacaqdır!
Allah rəhmət eləsin, ruhu şad olsun! Amin!



SEVİNDİK NƏSİBOĞLU


Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
10.02.2026

By admin