Tarix elminin həvəskarı kimi hər zaman öncə vətənimin, sonra isə digər dünya ölkələrinin tarixini, müəyyən dövr ərzində baş vermiş önəmli hadisələrini oxumağa, öyrənməyə çalışmışam.
Xüsusilə də yaşıdlarım kimi tək çətinliyimin mənə verilən ev tapşırıqlarını çatdırmaq olduğu bir vaxtda tariximizin qürur dolu səhifələrini vərəqləyərkən özümü o səhifələrdə yazılanların bir hissəsi kimi hiss etməyə çalışardım.
Azərbaycana vaxtilə fəxarət dolu bir irs, bir tarix qoyub getmiş ulu babalarımızın şəkillərinə baxıb onların həyat yolunu öyrəndikcə özümü onların yerinə qoyardım. Eldənizlər, Baharlılar, Bayandurlular, Səfəvilər dövrünü öyrəndikcə o dövrdə yaşayıb o tarixə şahidlik etmiş insanlara istər-istəməz qibtə edərdim.
Əzəldən bizim olsa da çata bilmədiyimiz, illərlə xəyalı ilə yaşadığımız torpaqlardan dəfələrlə çox ərazi üzərində hökmran olub o torpaqları bir əlində qılınc, digərində qələmlə idarə edən o ulu babalarımızın yerində olmağı çox istərdim.
Nələri yaşaya biləcəyim halda yaşaya bilmədiyim, hətta həsrət, intizar, qaçqınlıq əzabı ilə, qan yaddaşı ilə dolu dövrana düşdüyüm üçün çox fikir edir, çox kədərlənirdim.
Ancaq “Heç olmasa, işğal olunan 20 faizdən çox torpağımızın bizə qayıtdığı, ərazi bütövlüyümüzün bərpa olunduğu o günlərə qayıda biləcəyikmi?” sualını özümdən soruşub cavabsız qoyduğum bir gün də yox idi.O suala minlərlə qəhrəman vətən oğlunun kişi qeyrətli bacılarının dəstəyi ilə cavab verdiyi gün təqvimlər 27 sentyabr 2020-ci ili göstərirdi. O vaxt mənim 12 yaşım, 2 ay idi ki, tamam olmuşdu. Amma yaşı göstərən bu ədəd mənim üçün o vaxt heç nəyi ifadə etmirdi. Düzünü desəm, indi də nə isə ifadə etmir.
O vaxtdan bəri hamı kimi məni də maraqlandıran əsas məsələ torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzə qovuşmağımız idi. Ona görə də hansı yaşda, hansı yerdə, hansı vəziyyətdə olmağımın mənə görə heç nə ifadə etmədiyi o günlərdə mənim üçün əsas olan o zəfərli günlərin sonsuz sevincini yaşamaq və xüsusilə də o günləri özümdən bir iz qoyaraq yaşayıb sona yetirmək idi.İndi düşünür, gah inanır, gah da inana bilmirəm ki, o günlərin üzərindən 5 ildən çox zaman keçib. 5 il çox insana az gələ bilər, ancaq bu, bir insanın başına yaxşı, ya pis – hər şeyin gəlməsi üçün çox uzun müddətdir. Hər gələn xatirə köhnəsinin mənasını azaltmağa, onu unutdurmağa çalışır.
Ancaq mən üstündən 50 il keçsə də müharibənin ilk günü dayanmadan, dincəlmədən bu son dərəcə aktual mövzu ilə bağlı yazdığım ilk 4 şeiri də, o 4 şeiri yazarkən sərf etdiyim uşaqlıq enerjisini və sətirlərə möhürlədiyim böyük sevinci də – bunların heç birini unuda bilmərəm.
Ömrümdən keçən hər gün, hər saat, hər dəqiqənin, saatlarla ekran qarşısında ağac kimi dayanıb gözləyərək həyəcanla aldığım hər xəbərin təzə şeir və məqalələr yazmaq üçün mənə verdiyi əvəzsiz ilham və həvəsi də unuda bilmərəm.
Azad olunan hər kəndimizin, qəsəbəmizin, şəhərimizin xəbərini eşidəndə sevincimdən bir yerdə qərar tuta bilmədiyim o xoş dəqiqələri unuda bilmərəm. Bununla birlikdə şəhərimizdən, qəsəbəmizdən, kəndimizdən cəbhəyə yollanan cavanların qəhrəmancasına Şəhidlik zirvəsinə yüksələrək, üçrəngli bayrağımıza bükülərək qayıtdıqlarını eşidib kədərləndiyim vaxtları da unuda bilmərəm.
Gecə-gündüz odun, alovun, mühasirələrin içində qalan yaxınlarımızdan xəbər aldığımız vaxtları da unuda bilmərəm. Dəfələrlə əvvəl Tərtərə, Gəncəyə, Bərdəyə, Ağcabədiyə və digər bölgələrimizə, sonra isə hamımızın ürəyinin düz ortasına atılan, səsi qulağımızdan, acısı qəlbimizdən hələ də getməyən o raketləri, onların aldığı neçə-neçə canları unuda bilmərəm.
Amma raketlərlə açılsa da Ali Baş Komandanımızın zəfər xəbərləri ilə bağlanan neçə-neçə günləri də unuda bilmərəm. Oktyabrın sonlarını noyabrın ilk günlərinə bağlayan o soyuq, amma vətən eşqi və qisas hissi ilə qızındığımız vaxtları, birdən-birə Qarabağın göz bəbəyi, alınmaz qalası olan Şuşamıza nəfəs qədər yaxın olduğumuz vaxtları, sonda isə Şuşamıza və Zəfərimizə çatdığımız, yuxuda, yoxsa gerçəklikdə olduğumuzu bilmədiyimiz o 8 Noyabr gününü unutsam, özümü unudar, bütün yaddaşımı itirmiş olaram.
Bu sətirləri yazanda Vətən müharibəsinin son günü hər kəs kimi Bakı küçələrinə axışıb Zəfər sevincini qeyd etməyim yadıma gəlir. O vaxt hərbi forma ilə, hərbi formanın yaxasında, əllərində Azərbaycan-Türkiyə bayrağı ilə gördükləri bir oğlan uşağını, yəni bu sətirlərin müəllifini tanımasalar belə, dərin səmimiyyətlə, bir dost, qardaş, oğul kimi salamlayıb xoş sözlər söyləyən o cavan oğlanların, yaşlı adamların gözündəki böyük qürur və sevinc işartıları indi də bütün parlaqlığı ilə yadımdadır və həmin anlar indi də nə yadımdan, nə də gözümün qabağından getmir.Bəli, Vətən müharibəsindən bu vaxta qədər 5 ildən çox vaxt keçdi. Bu 5 il çox xatirələr yaşamaq üçün uzun müddət idi ki, yaşadıq da. Ancaq elə hadisələr tariximizə, yaddaşımıza yazıldı ki, hərəsi özündə bir dastan saxlayır.
Elə anlar xoş xatirələrə çevrildi ki, bu dəfə təzə gələn köhnəsini unutdurmur, əksinə, yaddaşımıza daha çox bərkidir. Azərbaycan xalqı eynən bizə tarix dərsində öyrədildiyi kimi şanlı, şərəfli dövrlərin tarixini təkrarladı. Düzdür, o vaxt üstündə gəzdiyimiz torpaqlar indikindən çox idi, ancaq fikrimcə, indi yaşadığımız sevinc o vaxtkından az ola bilməz.
Xalqımız bir əlinə müasir qılınc olan silah, digərinə qələm alaraq bu günlərə gəldi.
Mən də bu günlərə qələm tutan tərəf olaraq gəlməyə çalışdım. Əlinə silah alıb bir güllə atmamış uşaq kimi gəlsəm də əvəzində o gülləni düşmənlərin düz ürəyinə vuran böyük qardaş-bacılarımın, vətən övladlarının həyatını, qəhrəmanlıq salnaməsini öz silahım olan qələmə almaqla.
Yazdım, yazdım, yaza-yaza ürəyimdəki nifrəti düşmən üzərinə, sevinci, qüruru, məhəbbəti isə vətən övladlarına ünvanlamaqla ağ kağız üzərində qələmimlə iz salaraq hislərimi ifadə etdim, yaşımın üstünə yaş gətirdim, böyüdüm.
Dastana dönən günlərin dastanından yaza-yaza böyüdüm… Bir gün anladım ki, 12 yaşında məktəbli yox, bir azdan 18 yaşına çatacaq tələbə olmuşam. Keçən illərə bir anlıq köks ötürüb düşündüm. İndi daha da dərindən anladım ki, əlimə alsam, daşımaqda çətinlik çəkməyəcəyim kiçicik ürəyim özündə dörd kitablıq söz saxlayırmış.
Biri 700, o biriləri 140 və 300, digəri isə 600 səhifədən çox olan kitablıq söz… Və bu kitabların hamısının da mövzusu birdir: Azərbaycan xalqına 200 ildən sonra Cavanşir, Babək fəxarəti yaşadan zəfərin canı ilə, qanı ilə memarına çevrilən Şəhidlərimiz…
Bu yolda çox maneələrlə qarşılaşdım. Belə ki, Şanlı Vətən müharibəmizə və qəhrəman vətən övladlarının həyatı və döyüş yoluna, həmçinin işğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı 708 səhifəlik kitabım ailəmizin şəxsi vəsaiti ilə 2021-ci ildə işıq üzü gördükdən sonra həmin vaxtdan dərhal materialını topladığım və qələmə aldığım bu kitabımı müəyyən subyektiv səbəblərdən ancaq indi Sizlərə təqdim etməli oldum.
Kitabın son hissəsində gördüyünüz, Şəhidlərə həsr etdiyim, gecəmi-gündüzümü sərf edib qarşılığında mənəvi qazancdan başqa heç nə istəməyib heç nə də götürmədiyim, qəhrəmanlara olan borcun əvəzi kimi kompüter arxasında saatlarla gözümün nurunu əridib hazırladığım yüzlərlə “Vikipediya” səhifələri bir gün ərzində igidlərin yatdığı vətən torpağının üstündə gəzib doğma torpağımız, doğma xalqımızın düşməninə çevrilən bir ovuc satqın tərəfindən “Vikipediya”dan heç düşünmədən silindi.
Yaxşı ki, mən o vaxt sonradan baş verəcəkləri görürmüş kimi hazırladığım “Vikipediya” səhifələrini fləşkarta köçürüb saxlamışdım. İndi də o səhifələr elektron ensiklopediyanın arxivində durmaqdadır.
Nə olsun ki? Əsas odur ki, Allahın izni və bu kitabın vasitəsi ilə qəhrəmanlarımızın bir qisminin həyatı Sizlər tərəfindən oxunacaq, öyrəniləcək, tanınacaq və tanıdılacaq. Bu, mənə ən çox çətinə düşdüyüm vaxtlarda belə böyük sakitlik, rahatlıq verəcək.
Lakin sərf etdiyim bu qədər illərin, zamanın sonunda bu sahədə gördüyüm işləri kiçik əmək hesab edir və düşünürəm ki, Şəhidlərimizin qəhrəmanlıqları ilə müqayisədə bu kiçik əmək böyük dəryada ən kiçik damcıdan da qat-qat kiçikdir.
Şəhidlərimizin həyat yolunun işıqlandırılması ilə bağlı fəaliyyətim çox əziz Şəhid ailələri, hörmətli ziyalılarımız və Siz dəyərli oxucuların dəstəyi ilə bundan sonra da dayanmadan davam edəcəkdir.Son olaraq onu demək istəyirəm ki, mən vaxtilə ulu babalarımıza nə qədər həsəd aparsam da düşünürəm ki, gələcək dövrün övladları bu günləri görmədikləri üçün heyfsilənməyəcəklər. Çünki onlara əvvəlkindən də gözəl, fəxr, sevinc və ilham dolu günlər nəsib olacaq!
Çünki onlar bu kitabın qəhrəmanlarının davamçılarıdır. Eşq olsun canını vətən yolunda fəda etmiş qəhrəman vətən övladlarına!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
17.01.2026