Xəbər24.Online Şirvan – Fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 14-cü ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edən tədbiri giriş nitqi ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov SHXÇDX-nin yaradılmasının 14 illiyi münasibətilə Xidmətin kollektivini təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu strategiyası və müasir, güclü ordu formalaşdırılması prosesi bu gün uğurla və ardıcıl şəkildə davam etdirilir. Məhz həmin uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan sabitlik, inkişaf və təhlükəsizlik mühitini təmin edərək regionun aparıcı dövlətinə çevrilib.
Bu siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirilərək daha da gücləndirildiyini qeyd edib.
Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işlərinin SHXÇDX tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyi vurğulayıb.
Sonra çıxış edən SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev əlamətdar gün münasibətilə Xidmətin əməkdaşlarını təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeniyetmə-gənclərin hərbi vətənpərvərlik ruhunda hazırlanmasında SHXÇDX-nin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Şirvan Regional Şöbəsinin rəisi Fərman Süleymanov, Şirvan Regional Mühafizə Şöbəsinin rəisi Seymur Sadıqov və digər çıxış edənlər SHXÇDX-nin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra xidməti fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə və SHXÇDX-nin yaranmasının 14-cü ili münasibətilə SHXÇDX-nin Şirvan şəhər şöbəsinin bir qrup əməkdaşı şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Sonda xatirə şəkli çəkilib.






















