Bu gün görkəmli Azərbaycan şairi, qəzəlxanı, mahir tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi, böyük sənətkar Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olmasının 131-ci ildönümü qeyd olunur.

Klassik poeziyanın incəliklərini müasir dövrə daşıyan ustad söz sənətkarı yalnız öz qəzəlləri ilə deyil, həm də Şərq poeziyasının dahilərindən Nizami Gəncəvi, Füzuli, Xaqani Şirvani və Əlişir Nəvai kimi klassiklərin əsərlərini dilimizə çevirməklə ədəbiyyatımızda mühüm xidmətlər göstərmişdir.

Cümhuriyyət dövründə və Böyük Vətən müharibəsi illərində xalqımızı vətənpərvərlik ruhunda səfərbər edən şair, vəfatından 60 il keçməsinə baxmayaraq, yaradıcılığı ilə bu gün də yaşayır və yaşadılır. Onun poeziyası milli ruhun, vətən sevgisinin və mənəvi dəyərlərin ifadəsi kimi nəsillər üçün örnək olaraq qalır.

Şairin illər əvvəl xaricdə səfərdə olarkən vətən həsrəti ilə qələmə aldığı, sonradan bəstəkar və xanəndə Əlibaba Məmmədov tərəfindən nəğmələşdirilən Vətən yaxşıdır əsəri zaman keçdikcə milli duyğuların simvoluna çevrilmişdir.

Xüsusilə son illərdə xalqımızın qələbə ruhunu ifadə edən bu nəğmə, qəhrəman oğullarımızın şücaəti ilə yenidən səslənərək böyük mənəvi güc mənbəyi olmuşdur.

Bu mənada Vahidin sözü və ruhu təkcə öz dövründə deyil, müasir tariximizin taleyüklü anlarında da xalqımıza dayaq olmuşdur.

Şairin “Vətən yaxşıdır” deyərək əzizlədiyi şanlı vətənimiz – Azərbaycan bu gün qəhrəman övladlarının, o cümlədən Xudayar Yusifzadə kimi igidlərin şücaəti sayəsində daha da ucalır və güclənir.

Ölməz sənətkarın əziz xatirəsi daim ehtiramla yad olunur. Allahdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Vətən yaxşı olub, olur və olacaq.

 


SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü

By admin