Sosial şəbəkələrdə yayılmış videolardan da açıq-aşkar görünür ki, məqsəd təkcə səs-küy yaratmaq deyil, həm də dövlətimizin başçısının təhlükəsizliyinə kölgə salmaq, Azərbaycan dövlətinə qarşı düşmən münasibəti nümayiş etdirmək olub.
Xüsusilə vurğulamaq lazımdır ki, bu cür ünsürlər nə söz azadlığını, nə də “etiraz hüququnu” təmsil edir.
Onlar siyasi sifarişlə hərəkət edən, radikal düşüncə ilə zəhərlənmiş, nifrət və Azərbaycan dövlətinə qarşı düşmənçilik üzərində varlığını quran marginal qruplardır”.
Azərbaycan Respublikasının Prezidentinə qarşı yönələn istənilən təzyiq və ya təxribat cəhdi bütövlükdə dövlətimizə qarşı atılmış addımdır:
“Dövlətimizin başçısı Azərbaycanı təmsil edir və onun təhlükəsizliyinə, nüfuzuna və fəaliyyətinə qarşı yönələn hər hansı aqressiv addım birbaşa ölkəmizə qarşı yönəlmiş addımdır.
Harada baş verməsindən asılı olmayaraq, bu kimi hadisələr Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma və təzyiq kampaniyalarının tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu təxribat Ermənistanla sülh sazişinin imzalanmalı olduğu bir ərəfədə baş verir.
Təsadüfi deyil. Məhz bu mərhələdə bəzi revanşist və radikal qüvvələr regionda dayanıqlı sülhün bərqərar olmasını əngəlləmək, gərginliyi yenidən alovlandırmaq və konstruktiv prosesi pozmaq üçün hərəkətə keçiblər.
Onlar anlayırlar ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri onların illərlə qidalandığı münaqişə və xaos siyasətini iflasa uğradır”.
Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin güclənməsini təmin edən, ölkəni regional və qlobal miqyasda söz sahibi edən lider kimi tarixi məsuliyyəti qətiyyətlə daşıyır.
Onun ardıcıl siyasi xətti Azərbaycanın suverenliyini, təhlükəsizliyini və beynəlxalq nüfuzunu möhkəmləndirib, regionda sülh və əməkdaşlıq üçün real zəmin yaradıb.
Bu gün aparılan siyasət milli maraqlara, praqmatik hesablamalara və uzunmüddətli strateji baxışa əsaslanır.
Məhz buna görə də bu kimi təxribatlar, aqressiya və ucuz şoular Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz.
Cənab Prezidentin qətiyyətli mövqeyi və xalqımızın dəstəyi ilə Azərbaycan sülh yolunda inamla irəliləyir və bu yoldan geri dönməyəcək”.
Bir neçə gün öncə Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadan layiqli cavablarını alaraq susdurulan şəxslər və onların əlaltıları artıq daha da irəli gedərək Prezidentin ABŞ-da qaldığı otelə daxil olmağa cəhd ediblər.
Əslində, bu təxribat da təəccüblü olmamalıdır.
Çünki xaricdə yaşayan blogerlər bir neçə gündür ki, otel mövzusunu gündəmə gətirmişdilər, hətta otelə hansı yolla daxil olmağın yollarını da göstərirdilər.
Demək ki, sifariş bir mərkəzdəndir, dəyişən isə sadəcə olaraq ünsürlərdir.
Prezidentin Mühafizə Xidmətinin çevik və operativ reaksiyası nəticəsində bugünkü təxribatın qarşısı alındı.
Bu kontekstdə prezidentə qarşı yönəlmiş hərəkətlər, İlham Əliyevin artan beynəlxalq nüfuzuna kölgə salmaq istəyən daxili və xarici qüvvələrin əvvəlcədən düşünülmüş və təşkil olunmuş qərəzli kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Məqsəd Azərbaycanın qazandığı geosiyasi üstünlüklərə və diplomatik uğurlarına kölgə salmaq, ölkənin beynəlxalq imicinə mənfi təsir göstərməkdir.
Lakin reallıq və praktik siyasi nəticələr göstərir ki, bu cəhdlər gözlənilən effekti vermir.
Əksinə, Azərbaycan müxtəlif beynəlxalq platformalarda təmsil olunmaqda davam edir. Bu reallıqlar göstərir ki, Prezident İlham Əliyev dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir.
Prezident İlham Əliyevə qarşı yönəlmiş hərəkətlər müəyyən dairələrin siyasi maraqlarından qaynaqlansa da, Azərbaycanın artan beynəlxalq nüfuzunu və dövlət başçısının mövqeyini zəiflətmək iqtidarında deyil”.
Təhlükəsizlik protokoluna uyğun şəkildə fəaliyyət göstərən komanda situasiyanı soyuqqanlılıqla idarə etməyi bacardı. Xüsusilə Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərov hadisələr zamanı prosesi şəxsən nəzarətdə saxlayaraq, operativ koordinasiya nümayiş etdirdi.
Azərbaycanda sabitliyin və təhlükəsizliyin memarı, Cənab Prezidentimizin qazandığı uğurlar görünür, kimlərisə narahat etməyə başlayıb. Azərbaycan xalqı öz Prezidentini sevir. Xalqımız müzəffər ali baş komandanımızın arxasında dağ kimi dayanıb. Bu, təkcə erməniləri yox, həm də düşmən dəyirmanına su tökən kimliksizləri, üzdəniraqları da narahat etməkdədir. Düşünürəm ki, ABŞ-də mötəbər tədbirin keçirildiyi zamanda Azərbaycana qarşı qara kampaniyalar, çirkli addımlar atanların cəzasını elə Amerika qanunları kəsəcək. Bu kimi qara kampaniyalar həm də Tramp-Əliyev, Bakı-Vaşinqton münasibətlərinə kölgə salmağa yönəlmiş addımlardır”.
YAP üzvü, gənc fəal Fərid Şərifov