Lənkəran məktəblərində sosial-psixoloji dəstəyin gücləndirilməsi istiqamətində birgə monitorinq keçirilib
Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-psixoloji adaptasiyasının gücləndirilməsi, eləcə də ayrı-seçkilik hallarının qarşısının alınması məqsədilə təhsil müəssisələrində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xeber24.online xəbər verir ki,
Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının əməkdaşları və Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri ilə birgə Lənkəran şəhər 5 və 3 nömrəli tam orta məktəblərə səfər təşkil olunub.
Səfər çərçivəsində məktəblərdə uşaqların sosial vəziyyəti, onların tədris prosesinə adaptasiyası və qarşılaşdıqları çətinliklər yerində araşdırılıb. Bildirilib ki, tədris zamanı çətinlik yaranan hallarda müvafiq sosial xidmət müəssisələrinə operativ məlumat verilməsi mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, problemlərin həlli istiqamətində sosial pedaqoqların və psixoloqların prosesə daha fəal cəlb olunmasının vacibliyi vurğulanıb. Bu kimi tədbirlərin keçirilməsi uşaqların sağlam psixoloji mühitdə inkişafına və cəmiyyətə uğurlu inteqrasiyasına töhfə verir.
Allahverən Pərvizoğlu ✍️




