Mart ayından etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

Layihə çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 15-də Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində baş tutan konsertdə klassik bəstəkarların mahnıları ilə yanaşı, xalq yaradıcılığı nümunələri də səsləndirilib. Proqramda Cahangir Cahangirov, Əhsən Dadaşov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Oktay Kazımi və digər bəstəkarların əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək təqdim olunan yüksək səviyyəli konsert proqramı üçün kollektivə təşəkkürünü bildirib.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

By admin