Maqazin

“Lənkəran Ziyalıların Tanıyaq” Professor Kamal Dadaşov

 

Dadaşov Kamal Oğlan oğlu 10 yanvar 1931-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Gərmətük qəsəbə orta məktəbində (1950), ali təhsilini isə Azərbaycan Xarici Dillər İnstitutunda (1954) almışdır. Daha sonra M.F. Axundov adına Dillər Universitetində aspirantura pilləsini bitirmiş (1966), 1969-cu ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını qazanmışdır.

 

Pedaqoji fəaliyyətinə 1956-cı ildə Lənkəranın Nərimanabad qəsəbə orta məktəbində fransız dili müəllimi kimi başlamış, 1961–1963-cü illərdə Kanarməşə kənd orta məktəbində tədris işləri üzrə direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1963-cü ildən M.F. Axundov adına Azərbaycan Dillər İnstitutunun fransız dilinin leksikası kafedrasında aspirant, baş müəllim, dosent və professor kimi fəaliyyət göstərmiş, 1975–1987-ci illərdə xarici dillər kafedrasının müdiri olmuşdur. 1997–2009-cu illərdə isə Lənkəran Dövlət Universiteti xarici dillər kafedrasının müdiri vəzifəsini icra etmişdir.

 

Kamal Dadaşov bir çox beynəlxalq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, Fransada, İran və Rusiyada dilçiliyə dair məruzələr təqdim etmişdir. Fransız və Azərbaycan dillərinin fonetikası və leksikologiyası sahəsində 50-dək elmi məqalənin müəllifidir. Həmçinin IX–XI siniflər üçün fransız dili dərsliklərinin hazırlanmasında iştirak etmişdir.

Azərbaycan fransız dili tədrisinin və inkişafının təşəkkülündə göstərdiyi xidmətlərinə görə Fransa hökuməti tərəfindən akademik Palma ordeni ilə təltif olunmuşdur.

Professor Kamal Dadaşov öz zəngin elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan dilçiliyi və xarici dillərin tədrisi sahəsində dəyərli irs qoymuşdur.

 

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️ 🎙️