Lerikdə “Tariximizi tanıyaq, irsimizi qoruyaq” adlı ekskursiya təşkil olunub
Aprelin 16-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyinə “Tariximizi tanıyaq, irsimizi qoruyaq” adlı ekskursiya təşkil olunub.
Ekskursiya zamanı gənclər muzeydə Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə səfərlərinə aid foto-stendlərlə, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olublar. Həmçinin rayonun zəngin arxeoloji irsi, flora və faunası, görkəmli şəxsiyyətləri, alim və yazıçıları, məişət nümunələri, tətbiqi sənət əsərləri, Qarabağ şəhidləri və Böyük Vətən Müharibəsi veteranlarına dair eksponatlar iştirakçılara təqdim edilib.
Gənclərə məlumat verilib ki, muzeydə eramızdan əvvəl XIV–XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və digər maddi mədəniyyət nümunələri qorunur. Burada həmçinin Morqan qardaşlarına məxsus materiallar, Tunc dövrünə aid döyüş geyimləri, bəzək əşyaları, qədim məişət əşyaları və Daş dövrünə aid alətlər də sərgilənir.
Ekskursiyanın məqsədi gənclərin milli-mədəni irsimizə marağını artırmaq, onların tariximiz haqqında biliklərini daha da zənginləşdirmək olub.


