Suraxanı Rayon İcra Hakimiyyətinin və “Autizm fərqlilikdir” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Autizm aylığı çərçivəsində “Aura” şadlıq sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, “Autizm fərqlilikdir” İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, autizm və digər inkişaf pozuntuları olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında dövlətimiz tərəfindən qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, inklüziv və həssas cəmiyyətin formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai birliklərin, valideynlərin və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə mühüm məsuliyyət düşür.
Qeyd olunub ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının üzə çıxarılması, onların sosial həyata fəal cəlb olunması və bərabər imkanlarla təmin edilməsi prioritet istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız sosial dəstək xarakteri daşımır, eyni zamanda cəmiyyətdə maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
“Autizm fərqlilikdir” İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva və digər çıxış edənlər bu kimi təşəbbüslərin uşaqların sosial bacarıqlarının inkişafına, özünəinamlarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verdiyini vurğulayıblar.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.












