Beyləqanda Vətən müharibəsi iştirakçısı Cavid Cabbarovun yas mərasimi keçirilib
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun keçmiş komandiri, Beyləqan rayonu Dünyamalılar kənd sakini Cavid Cabbarovun yas mərasimində iştirak edib.
42yaşında uzunsürən xəstəlikdən vəfat edən Cavid Cabbarovun dəfn və yas mərasimində həmçinin Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Qeyd olunub ki, ömrünü Azərbaycan Ordusunda şərəfli xidmətə həsr edən Cavid Cabbarov həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, göstərdiyi igidlik və xidmətlərinə görə dəfələrlə təltif edilib. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub.
Mərhumun əziz xatirəsi və Vətən qarşısındakı xidmətləri hər zaman dərin ehtiram və minnətdarlıqla yad ediləcəkdir.


