MaqazinMədəniyyət

Bu gün Xalq artisti Qabil Quliyevin doğum günüdür

Bu gün  Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Respublikanın xalq artisti, Prezidentin Fərdi təqaüdçüsü görkəmli sənətkarımız Qabil Quliyevin doğum günüdür.

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. İlk təhsilini kənd məktəbində, orta təhsilini isə Cəlilabad şəhər 1 saylı orta məktəbində alıb. 1966-cı ildə Bakı Neft Sənayesi məktəbinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.

1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olunub. Təhsil aldığı illərdə Akademik Dövlət Dram Teatrında səhnə quraşdırıcısı və yardımçı aktyor kimi fəaliyyət göstərib. 1972-ci ildə institutu bitirdikdən sonra hərbi xidmətə yollanıb və Moskvada “Mosfilm” kinostudiyasında xidmət edərək kino sahəsində təcrübə qazanıb.

Hərbi xidmətdən sonra taleyini Lənkəran Dövlət Dram Teatrı ilə bağlayan Qabil Quliyev burada uzun illər səmərəli fəaliyyət göstərərək teatrın aparıcı aktyorlarından birinə çevrilib. 100-dən artıq tamaşada müxtəlif və yaddaqalan obrazlar yaradıb, bir sıra bədii film və seriallarda çəkilib. Eyni zamanda gənc aktyorların yetişməsində mühüm rol oynayıb.

O, pedaqoji fəaliyyətlə də məşğul olub, Lənkəran Dövlət Universitetində etika, estetika və kulturologiya fənlərini tədris edib. Müxtəlif mədəni-kütləvi tədbirlərdə aparıcı və təşkilatçı kimi də çıxış edib.

Qabil Quliyev 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatı ilə təltif olunub, 2020-ci ildən Prezidentin fərdi təqaüdünü alır. 2009-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatına layiq görülüb.

Azərbaycan teatr sənətində xüsusi yeri olan Qabil Quliyev bu gün də Lənkəran teatrının aparıcı simalarından biri kimi fəaliyyətini davam etdirir.