BölgəSosial

Cəlilabadda şagirdlərlə vətənpərvərlik və uşaq hüquqları mövzusunda görüş keçirilib

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq Cəlilabad rayon V.Hüseynov adına Göytəpə şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə maarifləndirici görüş təşkil olunub.

Görüş Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya üzvlərinin iştirakı ilə baş tutub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, komissiyanın məsul katibi Xumarə Xəlilova, komissiyanın məsləhətçi-psixoloqu Özal Kazımov, rayon prokurorunun köməkçisi Gülnur Əkbərova və rayon təhsil sektorunun aparıcı məsləhətçisi Tacəddin Əli iştirak ediblər.

Çıxışlarda uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb, birlik və həmrəylik, qarşılıqlı hörmət və dəstək prinsiplərinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsilin rolu və gələcəkdə ölkənin inkişafına töhfə vermək məsuliyyəti barədə fikirlər səsləndirilib.

Görüş zamanı uşaqların maraqlarının qorunmasının həm hüquqi, həm də etik məsuliyyət olduğu bildirilib, bu sahədə qərarvermə prosesində hər hansı sui-istifadəyə yol verilməməsinin vacibliyi qeyd olunub. Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.