Lənkəranda məktəb rəhbərlərinin əməkdaşlıq görüşü keçirilib
17 aprel 2026-cı il tarixində Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində A Liqasının 2-ci qrupuna daxil olan məktəb rəhbərlərinin növbəti əməkdaşlıq görüşü baş tutub.
Görüşdə Lənkəran şəhər 5 və 8 nömrəli məktəblərin, Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziyanın, həmçinin Şilavar və Digah tam orta ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllim heyəti iştirak ediblər.
Tədbir çərçivəsində məktəbin ibtidai sinif müəllimi Humra Axundova IV “A” sinif şagirdləri üçün “Perimetr” mövzusunda ustad dərs təqdim edib. Dərs zamanı müasir tədris metodlarından istifadə olunaraq şagirdlərin fəallığı təmin edilib, onların mövzunu daha dərindən mənimsəməsinə şərait yaradılıb. Şagirdlər tapşırıqları maraqla və yüksək səviyyədə yerinə yetiriblər.
Ustad dərsdən sonra keçirilən müzakirələr zamanı müəllimlər dərsin təşkili, tətbiq olunan metod və üsullar barədə fikir mübadiləsi aparıb, təklif və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, bu cür dərslər təcrübə mübadiləsinin genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda belə ustad dərslərin davamlı təşkilinin vacibliyi vurğulanıb.











