BölgəXəbərlər

Mil-Muğan regionunda muzeylərdə “Açıq qapı” günü keçirilib

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən respublika üzrə “Açıq qapı” günü elan olunub.

Bu çərçivədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində ziyarətçilərin qəbulu həyata keçirilib, ekskursiyalar təşkil olunub.

Gün ərzində muzeylər ziyarətçilər üçün açıq olub, giriş sərbəst təşkil edilib. Ekskursiyalar zamanı qonaqlara rayonların zəngin tarixi, maddi-mədəni irsi, qədim eksponatlar və milli dəyərlər barədə ətraflı məlumat verilib.

Muzey əməkdaşlarının təqdim etdiyi bələdçilik xidməti sayəsində ziyarətçilər ekspozisiyalarla yaxından tanış olub, regionun tarixini əks etdirən nadir nümunələri maraqla izləyiblər. Xüsusilə məktəblilərin və gənclərin fəal iştirakı diqqət çəkib.

“Açıq qapı” günü çərçivəsində həyata keçirilən bu təşəbbüs ziyarətçilərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, milli-mədəni irsimizin təbliği və qorunmasına xidmət edir.