Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində şahmat üzrə yarış təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarış 20 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, kollecin direktoru Amalya Sezgin, təhsil müəssisəsinin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi çıxışlarda bildirilib ki, Azərbaycanda müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu strateji xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Yasamal rayonunda təşkil edilən bu kimi yarışlar gənclər arasında idmanın kütləviliyinin artırılmasına, sağlam həyat tərzinin təbliğinə və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir.
Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıb, onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklərinə inandıqlarını ifadə ediblər.
Sonda yarışın qaliblərinə diplom və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.












