Göyçay Peşə Liseyi PHŞ-də uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş dəyərli müəllimlərin 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir təşkil olunub. Bu əlamətdar gün təkcə bir yubiley deyil, həm də illərin zəhmətinə, fədakarlığa və minlərlə şagirdin həyatına işıq salan müəllim ömrünə verilən yüksək dəyərin ifadəsi olub.

Tədbirdə liseyin pedaqoji kollektivi ilə yanaşı, ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova da iştirak edərək yubilyar müəllimləri ürəkdən təbrik edib, onlara gələcək həyatlarında möhkəm cansağlığı və uğurlar arzulayıb.

Çıxışlar zamanı müəllimlərin keçdiyi şərəfli həyat yolu, onların təhsilə verdiyi töhfələr, sadəlikləri və insanpərvərlik keyfiyyətləri xüsusi vurğulanıb. Tədbir boyu keçmiş xatirələr yada salınıb, duyğusal anlar yaşanıb – zal bəzən gülümsəyib, bəzən kövrəlib.

Yubiley tədbirinin əsas qəhrəmanları Rəşidov Akif Qəfər, İsayev Elşad Əkbər, Cahangirova Məhbubə Zeynalabdin, Ömərova Məhluqə İsa, Hüseynov Elbrus Sabir, Rüstəmova Validə Adil, Quliyev Mahir Məhəmməd, Məmmədov Tərlan İdris və Əliyev İlqar Yaşar müəllimlər olub.

Tədbirdə xüsusi olaraq qeyd edilib ki, yubilyarlardan Ömərova Məhluqə xanım Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəmanımız Kənanın anasıdır. Bu sözlər zalda dərin sükut yaradaraq, iştirakçılarda böyük qürur və minnətdarlıq hissləri oyadıb.

Sonda yubilyar müəllimlər fəxri fərmanlar, mükafatlar və hədiyyələrlə təltif olunublar. Vurğulanıb ki, onların ən böyük mükafatı yetişdirdikləri şagirdlər, qazandıqları hörmət və cəmiyyət üçün qoyduqları silinməz izdir.

By admin