Sevindik Nəsiboğlunun “Dirçələn xarı bülbül” kitabının bəzi məziyyətləri haqqında

Ötən il Azərbaycan Tarixi Muzeyində mənim yeni kitablarımın təqdimatında Sevindik Nəsiboğlu da iştirak edirdi. Mənim təklifimlə tədbirin rəyasət heyətində o da təmsil olundu. Əlbəttə, tədbiri hazırlamış və xüsusi məruzə ilə yaradıcılığımı təhlil edən muzey əməkdaşlarının, hörmətli tədqiqatçı tarixçilərimizin çıxışlarından sonra tədbirin aparıcısı, dostum Əli Rza Xələfli Sevindik Nəsiboğluna da söz verdi. Mən onun tribunadakı qürurlu duruşunu gördükcə, birbaşa, bədahətən rəvan və məntiqi ardıcıllıqla özünü ifadə edən nitqini dinlədikcə qürur duyurdum. Dövrümüzün belə bir gənci yetirməsi məndə iftixar hissi yaradırdı. Əvvəla, onu deyim ki, Sevindiklə mən bir-birimizi yaxşı tanıyırıq. Demək olar ki, S.Nəsiboğlunun bütün kitablarını mən nəşr etmişəm. Demək, onun həm də yaxın oxucusuyam. Bundan başqa bizim hər ikimiz «Kredo» qəzetinin ən fəal müəllifləriyik və eyni zamanda həm də bu qəzetin redaksiya heyətinin üzvləriyik.

Demək, biz həm də bir-birimizin oxucularıyıq. Mən Sevindiyin «Kredo» qəzetində dərc olunan hər bir yazısını izləyirəm. Onun yazıdan yazıya necə dəyişdiyini, necə daha sərrast özünüifadə imkanlarını reallaşdırdığını müşahidə edirəm. Onu da deyim ki, onun «Kredo» qəzetində dərc olunan yazılarının kitab halında cəmləşməsi üçün ilk ideya verənlərdən biriyəm. Çünki yazılar elə dəqiq və aydın şəkildə dərc olunur ki, («Kredo» qəzetində) bu materialları kitab halına gətirməmək insafsızlıq olardı.

Tarixdə çox olub belə istedadlar. Onlar əbədi həyata vəsiqə qazanıblar və çox kiçik yaşlarından həyat səhnəsində görünüblər. Sabirin hələ uşaq ikən yazdığı satira dillər əzbəridir: «Tutdum orucumu iramazanda, Qaldı iki gözüm qazanda». Bu iki sətirin içərisində uşağın yaşadığı hisslər açıq-aydın duyulur. Dinlə mənəvi alver edənlər elə indinin özündə də uşaqları belə istismara məruz qoyurlar. Şübhəsiz, başqa da çoxlu misallar gətirmək olar. Əsas odur ki, Sevindik dünyamız üçün nadir hadisə deyil. Hər halda nadir olan hadisələrdən biridir.

Sevindik Nəsiboğlunun nəşr etdiyim ilk kitablarını gözlərimin önünə gətirirəm. Hər halda aradan heç on il keçməyib. Bu müddət ərzində Sevindik Nəsiboğlunun ondan çox kitabı nəşr olunub. Şübhəsiz, cəmiyyət elə bir okeandır ki, burada hər cür rəng tapmaq olar. Yəqin ki, Sevindik Nəsiboğlunun zəhmətini qiymətləndirməyənlər də tapılar. Onun yaradıcılığından ötəri bir nəzərlə keçmək istəyənlər də ola bilər. Amma bunlar Sevindik Nəsiboğlunun mənəvi mühitindən heç nə aparmır. Çünki hər kəsin özünün izi var. Sevindik Nəsiboğlunun da ədəbi irsi onun öz adı, öz ünvanı ilə bağlıdır. Çox görmüşük başqalarına ağız büzənləri, nəticədə onlar özlərindən sonra heç bir iz qoymurlar. Onlar sadəcə daha bulanıq yerlərdə üzmək adı ilə çabalayır və bununla da dərinlərə baş vurmağa cəsarət etmirlər. Amma Sevindik Nəsiboğlu hər ilin yekununa özünün yeni əsəri ilə, yeni kitabı ilə gəlir. Bu da onun həyat və yaradıcılıq yolu üçün təmin etdiyi əbədi izlər kimi yaddaşda qalır və yaşarılıq haqqı qazanır.

«Dirçələn xarı bülbül» kitabı Sevindik Nəsiboğlunun «Möhtəşəm zəfərin nişanəsi» kitabından sonra daha irihəcmli ədəbi toplusudur. Doğrudur, bu kitab da nisbətən müharibə qəhrəmanlarının həyat xronikasını əks etdirir. Amma demək olar ki, hər bir yazıda Sevindik Nəsiboğlunun obraza münasibətini əks etdirən poetik lövhələrlə qarşılaşırıq. Burada onu qeyd edim ki, müəllif kitabının adını həyat yolunu tərənnüm etdiyi, qəhrəman şəhid polkovnik Elçin Fərman oğlu Musayevin obrazını əbədiləşdirən yazısının adından əxz etmişdir. Bəli, Sevindik Nəsiboğlu polkovnik Elçin Fərman oğluna «Dirçələn xarı bülbül» adlı şeir ithaf edib. Elə həmin şeirin adını da bu kitabı üçün seçib.

Mən şeirin hər bir bəndini diqqətlə oxudum. Burada həmin şeirin mətnini nəsr ölçüləri ilə bir araya gətirməklə oxuculara təqdim edirəm:

«Bu yenilməz ordunun, Zəfər çalan əsgəri. Əziz odlar yurdunun, Qalibi, müzəffəri.

44 illik ömrünü, Xalqa əsirgəmədin. Yarpaq keçdi ömründən, Onu da xalqa verdin.

Qisas sözü dilində, Silah, süngü əlində. Günlərin bir günündə, Vətəninə hay verdin.

Kəlbəcər dağlarından, Şuşaya yollar çəkdin. Füzuli, Cəbrayılda, Zəfər qalası tikdin.

Zəngilanı səslədin, Azadlığı istədin. Milləti sevindirdin, Bu həsrətə son verdin.

Qubadlını qaytardın, Nəbinin nəvəsitək. Ərşə qalxıb hayqırdın, Koroğlu nərəsitək.

Vətən üçün sinəni, Gülləyə sipər etdin. Heç baxmadın xainə, Yağını yerə sərdin.

Qazi kimi qayıtdın, Xidmətindən qalmadın. Əsgərinin dilində, Əzbər oldu dastanın». Bu düzülüş, bu misralar hətta formanı dəyişib mənsur şeir kimi təqdim olunsa da Sevindik Nəsiboğlunun poetik ruhunun gücünü göstərə bilir. O, obrazı misra-misra, bənd-bənd böyüdür, xalqın kimliyini böyütdüyü obrazın kimliyində təqdim edə bilir. Bu da Sevindik Nəsiboğlunun mənəvi potensialını, gücünü göstərmək baxımından çox dəyərlidir.

«Yurd üçün, el üçün yaşayan Elmin» adlı yazı şəhid çavuş Elmin Əvəz oğlunun həyat yolundan bəhs edir. Amma bu yazının əvvəlində verilmiş ədəbi-publisistik düşüncələr Sevindik Nəsiboğlunun sözlə necə nəfəs aldığını, onun sözü canlı bilərək sözlə davranışını müşahidə etmək üçün ən yaxşı lövhədir. Mən həmin parçanı burada olduğu kimi təqdim edəcəyəm. Ona görə ki, gələcəkdə bu yazını mən öz kitabımda dərc edəndə oxucu da mənim ədəbi qəhrəmanım Sevindik Nəsiboğlunun söz dünyasını bütün aydınlığı ilə dərk edə bilsin.

İndi əziz oxucu qoy Sevindik Nəsiboğlunun özünü oxusun: «Qəhrəmanlar vətən üçün doğulub sonra da elə sevdikləri vətənə də qurban gedirlər. Onların neçə il davam etməsindən asılı olmayaraq yaşadıqları ömür payının məna və mahiyyəti yalnız budur, bundan ibarətdir. Bu yol üçün yaşayıb, bu yolda canlarını fəda edirlər qəhrəmanlar. Sinələrini hər dərdə, hər əzaba, hər çətinliyə sipər edirlər. Qəhrəman olmaq asan iş deyil. Bunun üçün һәr şeydən əvvəl özünü, taleyini, gələcək üçün qurduğun planlarını və gələcək həyatını bir kənara qoymalısan. Fikirləşməlisən ki, elə bil heç bunlar olmayıb. Özünü, ailəni, sevdiklərini yox, vətənini, torpağını, bu torpağa ayağını basan saysız-hesabsız yurddaşlarını, soydaşlarını, onların gələcəklərini düşünməlisən və ancaq bu yolda həyatını davam etdirməlisən. Qəhrəmanlar üçün həyatın mənası yalnız budur. Onlar son dərəcə vətənpərvər olurlar. O dərəcədə Vətəni sevirlər ki, Allah tərəfindən seçdiklərindən və sonunda şəhadət olan çox çətin bir sınağa düşdüklərindən belə xəbərsiz olurlar. Onsuz da bundan xəbərləri olsa belə yenə də yollarından dönməzdilər. Qəhrəmanlar, fədakarlar, xilaskarlar öz-özlüyündə vətən həyatı yaşayırlar. Vətən üçün yaşadıqları həyat sonda elə vətən həyatına çevrilir. Ona görə ki, vətən üçün yaşayır, vətənə qurban gedir və əbədi istirahətlərini vətən torpağının altında edirlər. Onların canları da vətən torpağına qarışaraq elə vətənin özünə dönür, çevrilir, vətənləşirlər». Cümlələr necə həssaslıqla qələmə alınıb. Elə bil ki, heç müəllif yazı üçün əziyyət çəkmir. Sanki ruhundan, varlığından gələn səsi birbaşa eşidir və eşitdiklərini yazıya çevirir. Bu da bizi ona görə sevindirir ki, onun mənəvi mühiti kifayət qədər söz bazasına sahibdir.

Əsas odur ki, bu yazılar bizə göstərir ki, bu gün ədəbi mühitimizdə Sevindik Nəsiboğlu imzası var.

Bayaq tarix muzeyindəki Sevindik Nəsiboğlunu yada saldım. O, həmin çıxışı ilə bütün әtrаfı ovsunlamışdı. Həmin tədbirdə Yazıçılar Birliyinin nümayəndələri — katib Səlim Babullaoğlu və sədr müşaviri Rauf Aslanov iştirak edirdi. Onlar da tədbirin rəyasət heyətində əyləşmişdilər. Həmin məqamda mən diqqət edirdim. Bu yeniyetmənin çıxışını heyranlıqla dinləyirdilər.

Mən Sevindik Nəsiboğlunun Yazıçılar Birliyinə qəbul olunması üçün zəmanətçilərdən biriyəm. İndi «Dirçələn xarı bülbül» kitabını vərəqlədikcə düşünürəm, Sevindik Nəsiboğlu bizim dövrün gəncidir. Bu gənci bizim mühitimiz yetişdirib. Sevindik Nəsiboğlu həm də bizim dövrümüzün əsəridir. Bu əsərin müəlliflərindən biri də özümü hesab edirəm. Həm Sevindik Nəsiboğlunun yaradıcılığını izləyən, tədqiq edən, həm də onun kitablarını çap edən bir müasiri kimi.

Bəzən deyirlər ki, müasir gənclik ədəbiyyatdan, kitabdan uzaq düşüb. Ancaq mən belə deməzdim. Doğrudur, ədəbiyyatı, mühiti yaxşı bilib ondan əks nəticələr çıxaranlar da var. Ədəbi-tarixi obrazlara mənfi xarakterlə münasibət bildirmək xalqımızın yaratdığı sərvətlərdən imtina etmək deməkdir. Təəssüf edirəm ki, Məhsəti Gəncəvi haqqında ruhumuzu incidən film çəkilib. Yaxud Babəki qaralayanlar nə düşünür? Koroğlunu inkar edənlər, Nəbini, Həcəri daşlayanlar, Xətaiyə təhqiramiz yanaşanlar, S.Vurğunu dananlar öz mövqeləri ilə xalqın yalnız ikrah hissini qazana bilərlər.

Məni sevindirən odur ki, Sevindik Nəsiboğlunun yaradıcılığında bu sadaladığım ədəbi-tarixi obrazlar çox böyük sevgi ilə vəsf olunur. O, demək olar ki, əksər yazılarında bu ədəbi-tarixi obrazları xarakterizə edir, misal gətirir. Elə sonuncu, haqqında söhbət açdığım yazının davamına diqqət edək: «Azərbaycan torpağı saysız-hesabsız Vətən qəhrəmanları, yurd, torpaq sevdalıları yetişdirib. Xalqımızın övladları, fədailəri, vətən təşnələri hələ eramızdan əvvələ qədər gedib çıxan dövrlərdən üzü bəri öz torpaqlarını canları bahasına qorumuş və son nəfəslərində də övladlarına bunu vəsiyyət etmişdilər. Bu torpaqlarda yaşamış bizlər qəhrəman xalq olaraq tarix boyu igid oğullar, kişi qeyrətli qızlar yetişdirmiş, bu ənənəyə həmişə sadiq qalmış və onu heç zaman pozmamışıq. Elə buna görə də zaman-zaman vətən oğullarının, qızlarının qəhrəmanlığı dastan kimi dillərdə dolaşıb, ozanlar, aşıqlar, şairlər bu igidlərin şücaətini nəzmə, nəsrə, saza-sözə çəkməyi özlərinə borc biliblər. Buna görə də yaranıb neçə-neçə qəhrəmanlıq dastanlarımız. Bəzi tanınmış ölkələrdən və millətlərdən fərqli olaraq biz özümüzdən nağıl, hekayə düzəltməmiş, super qəhrəmanlara ehtiyac duymamışıq. Axı hansı xalq Cavanşiri, Babəki, Tomrisi, Koroğlunu, Qaçaq Nəbini, Həcəri bir kənara qoyub super qəhrəmanlardan danışar? Bizim tarixən heç bir zaman buna ehtiyacımız olmayıb. Çünki bizim özümüzə görə super qəhrəmanlarımız və onların xatirəsinə yazılan, gələcəyə miras qoyulan qəhrəmanlıq dastanlarımız, şeirlərimiz, nəğmələrimiz olub. Əgər həmin qəhrəmanlarımız olmasaydı, bu gün gələcək nəsilə miras qoyacağımız bir Vətənimiz də olmazdı. Və əgər qəhrəmanlıq dastanlarımız olmasaydı, nəsillər bu qəhrəmanlıqdan xəbərsiz qalacaq, tarixindən xəbərsiz və onu öyrənməkdən məhrum olacaqdı». Mən bu mətni ona görə təqdim etdim ki, oxucu da görsün və bilsin ki, Sevindik Nəsiboğlunu Vətən müharibəsinin qəhrəmanlarına doğru çəkən hansı hissdir. Bu hiss, şübhəsiz, Azərbaycanın ədəbi-tarixi qəhrəmanlarına Sevindik Nəsiboğlunun sevgiləri ilə bağlıdır. O, Azərbaycan xalqının tarixini, mən deyərdim ki, orta təhsil səviyyəsindən daha dərin öyrənib. Ən başlıcası, o, təkcə öyrənməyib. Həm də bu tarixi sevib, onun qəhrəmanlıq səhifələri ilə fəxr edib. Bax belə məqamlar bizə diktə edir ki, Sevindik kimi gənclərimizin gələcək həyat yolunu qədərincə görə bilək. Elmin haqqındakı yazının özü, demək olar ki, sənədli bir povestdir. Beləliklə, Sevindik Nəsiboğlu əslində yaradıcılığının çox maraqlı, dəyərli səhifələrini və gələcək yaradıcılığının ilk qaynaqlarını belə yaradır. O, Elmin haqqında bir silsilə şeirlər yazıb. Həmin şeirlərdən birini — «Qisas cəngavəri» adlı şeiri oxucuya təqdim edirəm:

Qisas cəngavəri, sülhün əsgəri,

Fikri Vətən, Qarabağ olan Elmin.

Oldun sərkərdəsi, igidi, nəri,

Bu dövlətin, bu yurdun, bu millətin.

 

Qisas məskənin oldu Xocavəndin,

Gün verdi sənə ruhu ərənlərin.

Sonda sən Qarabağı azad etdin,

Zəfərdir yurda verdiyin sərvətin.

 

Şəhid olub verdin zəfər xəbərin,

Sən Xocavəndimin işğal günündə.

Baş əyirik biz – sənin əzizlərin,

Qəhrəmanlıq abidənin önündə.

Açığı, bir məsələni də qeyd etmək istərdim. Kitabda verilən yazılar, əlbəttə, mövzuca yaxındır. Bütün yazılarda Vətən müharibəsindən, bu müharibədə bütün varlığı ilə Vətəni sevən qəhrəmanlardan, onların şəhidlik yolundan bəhs olunur. İş burasındadır ki, mövzu yaxınlığı, obrazların bir çox cəhətlərinə görə bənzərliyi Sevindik Nəsiboğlunu qorxutmur. O, hər qəhrəmanın özünə, təbiətinə uyğun motivlər seçir. Bununla da demək olar ki, hər bir qəhrəmanı özü kimi yaradır. «Onun sayəsində başımız uca, alnımız açıqdır», «Şuşa fatehi, elin Zamini», «Səmamızın Mübarizi», «Oğlum Vətən, bayraq uğrunda şəhidliyə ucaldıb», «Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi», «Ümidin adı Ələkbər», «Qarabağ aslanı Әli», «Qəhrəman Әјdər», «Onun ürəyi həyat eşqilə çırpınırdı…», «Zəfər günü çox sevinirdim ki, torpaqlarımızın azad olunmasında mənim balalarımın da payı var», «Şəhid Fateh», «Cəsur ürək» və sair kimi yazıların hamısını sadalamağa lüzum görmürəm. Bu adlara diqqət edəndə biz hansı mənzərə ilə rastlaşırıq. Elə yazı var ki, müəllif qəhrəmanın birbaşa döyüş yolundan danışır. Elə yazı da var ki, müəllif qəhrəmanın atasını, anasını, ya bacısını danışdırır. Onların dilindən aldıqlarını müsahibəyə çevirir. Bəzən də biz müəllifin çox səmimi, həssas duyğularla qələmə aldığı şeirlərlə qarşılaşırıq. Poetik örnəklər birmənalı olaraq Sevindik Nəsiboğlunun şair qəlbinin çırpıntılarını əks etdirir. Belə јаnr fərqləndirmələri Sevindik Nəsiboğlunun kitabını daha oxunaqlı edir.

Müəllif kitabını qəhrəmanların həyat və döyüş yolunu əks etdirən fotoşəkillərlə zənginləşdirir. Açığı, kitabda verilən şəkillər üzərində düşünərkən belə qənaətə gəldim ki, hər bir şəklin özü də oxucuda müəyyən təəssürat yaradan mənbədir. Oxucu müəllifin yazısını oxuyur və onun təqdim etdiyi şəkilə baxır. Bu zaman həmin şəkil vasitəsi ilə yazı arasında birlik, vəhdət oxucunun yaddaşına körpü salır. Oxucu Sevindik Nəsiboğlunun rəvan, poetik ovqatlı yazılarını sanki onun şifahi nitqini dinləyirmiş kimi mənimsəyir.

Sevindik Nəsiboğlunun «Dirçələn xarı bülbül» adlı kitabı dövrümüzün dəyərli, sənədli, xronikal, publisistik örnəklərindən biri kimi ədəbi xəzinəmizə daxil olacaq. Mən yuxarıda ötəri də olsa dedim. Sevindik Nəsiboğlu gələcəyin çox mötəbər müəlliflərindən biri olacaq. O, ən möhtəşəm əsərlərini indi kitablarına yığdığı faktlar əsasında qələmə alacaq. Birmənalı şəkildə onu deyirəm ki, Sevindik Nəsiboğlunun indi nəşr etdirdiyi və zəngin faktlar aləmini ehtiva edən kitabları təkcə onu özü üçün yox, ümumiyyətlə, tariximiz üçün çox dəyərli istinad olacaq.

Sevindik Nəsiboğlu bizi «Dirçələn xarı bülbül» kitabı ilə zəngin obrazlar aləminə dəvət edir. Bəli, bu obrazlar aləmi qəhrəmanlıq tariximizin qalereyası kimi yaddaşımızda əbədi qalacaq.

Mən inanıram ki, Sevindik Nəsiboğlunun «Dirçələn xarı bülbül» kitabı ssenaristlərin, kino və teatr rejissorlarının diqqətini cəlb edəcək. Onun yaradıcılığı əsasında maraqlı sənədli filmlər çəkilə bilər. Şübhəsiz, elə ona görə qeyd edirəm ki, Sevindik Nəsiboğlunun bu kitabı zəngin tarixi ədəbi məlumatlar mənbəyi kimi mənəvi sərvətlər xəzinəsində öz yerini tutacaq.

Gənc dostumuz, yetirməmiz, bu gün akademiya tələbəsi, sabahın diplomatı, yazıçısı, hüquqşünası Sevindik Nəsiboğlunun özü də öz istedadı ilə xalqımızın sərvətidir. Biz onun qədrini bilməliyik.

Bəli, istedadlar xalqın sərvətidir. Bu sərvət öz dəyərini zəngin obrazlar aləmi ilə müasir oxucuya diktə edir. Mən «Dirçələn xarı bülbül» kitabında Sevindik Nəsiboğlunun zəngin obrazlar aləmini bir daha gördüm.

Şəddat CƏFƏROV

fəlsəfə doktoru,

yazıçı-publisist

11.12.2025

By admin