Yol infrastrukturunun inkişafı əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməklə yanaşı, ticarət əlaqələrinin və logistika imkanlarının genişlənməsinə də əlverişli şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda yol infrastrukturunun yaxşılaşdırılması və yeni yolların çəkilməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl və sistemli işlər həyata keçirilir.
Tərtib edilmiş fəaliyyət planına əsasən, mərhələli şəkildə Şəmkir şəhəri ərazisində yerləşən küçələrdə yeni asfalt-beton örtüyü salınır, eyni zamanda mövcud yol örtüyündə cari təmir işləri aparılır. Təmir olunacaq küçələr müəyyən edilərkən əhalinin sayı, nəqliyyatın hərəkət intensivliyi və digər mühüm meyarlar nəzərə alınır.
2021–2025-ci illər ərzində Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində ümumilikdə 34,8 km yola yeni asfalt-beton örtüyü salınmış, 19,7 km yolda isə cari təmir işləri aparılmışdır.
Təmir işləri Heydər Əliyev prospektindən başlanaraq şəhər mərkəzini əhatə etmiş, S.Vurğun və N.Gəncəvi küçələri ilə yanaşı, onlara perpendikulyar küçələrdə də geniş şəkildə davam etdirilmişdir. İşlər X.İbrahimli küçəsinədək (18-ci küçə) uğurla başa çatdırılmışdır.
Eyni zamanda rayonun şərq hissəsində yerləşən Abbaslı, Aşağı Seyfəli, Yuxarı Seyfəli, Çinarlı, Yeni Həyat və digər yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən əsas nəqliyyat arteriyalarından biri olan N.Nərimanov küçəsi (13-cü küçə), eləcə də ona bitişik H.Əliyev və R.Yusibov küçələri əsaslı şəkildə yenidən qurulmuşdur.
Şəhərin əhalinin sıx yaşadığı qərb hissəsi — Morul yaşayış massivi də diqqət mərkəzində saxlanılmışdır. Bu ərazidə E.Hüseynov, M.Zamanov, V.Məmmədov və Təbriz küçələrində əsaslı təmir işləri aparılaraq yeni asfalt örtüyü salınmışdır. Bununla yanaşı, Ə.Cavad küçəsində və Şiştəpə və İrmaşlı kəndlərinə gedən yolu şəhərlə birləşdirən Ş.Qurbanov küçəsində cari təmir işləri görülmüşdür.
Rayonun qəsəbə və kəndləri də bu prosesdən kənarda qalmamışdır. Kür qəsəbəsində yerləşən Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanasına aparan yol əsaslı təmir olunmuşdur. Həmçinin Çinarlı qəsəbəsinin N.Gəncəvi küçəsində yeni asfalt örtüyü salınaraq Aşağı və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsi daha da yaxşılaşdırılmışdır.
Hazırda Rayon İcra Hakimiyyəti tərəfindən növbəti mərhələdə təmir olunacaq avtomobil yolları üzrə layihə-smeta sənədləri hazırlanır. Yeni plana Morul, Posanlı, Qaryağdı yaşayış massivlərində yerləşən əsas yollar, eləcə də “Kraz yolu” və “Ağ Dağlar yolu” kimi tanınan alternativ marşrutlar daxil edilmişdir.
Görülən işlər Şəmkir rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, əhalinin rahatlığının təmin olunması və regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.







