23 aprel 2026-cı il tarixində AYB Lənkəran Bölməsi və Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)-nin birgə təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə “Kitab – ən sədaqətli dost” adlı tədbir keçirilib.
Tədbirdə bölgə yazarları, ziyalılar, kitabxana əməkdaşları və tələbələr iştirak ediblər.
Xeber24.online xəbər verir ki,
Tədbiri giriş sözü ilə açan AYB Lənkəran Bölməsinin sədri, yazıçı və dramaturq Qafar Cəfərli bu əlamətdar günün yaranma tarixi, mahiyyəti və əhəmiyyəti barədə geniş məlumat verib. O, kitabın insan həyatında oynadığı roldan, elmin və mədəniyyətin inkişafındakı əhəmiyyətindən bəhs edib.
Daha sonra tədbir iştirakçıları çıxış edərək kitab və müəllif hüquqları mövzusunda öz fikirlərini bölüşüblər. Çıxış edənlər sırasında Lənkəran MKS-nin Sutamurdov kənd kitabxana filialının müdiri Nurane Cəfərova, Lənkəran rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Canıyev, şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Hafiz Mirzə, Ziyafət Yəhya, Əhməd Haqsevər, Xudaverdi Cavad, Salman Məmmədoğlu, Bəxtiyar Əliyar, Əfsanə Sultan, Fərasət Nuriyev, eləcə də LDU tələbələri Səidə Aslanova və Rahib Ağammədli, LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecin tələbələri Süsən Fərəcova və Lalə Əzizova yer alıblar.
Tədbirdə çıxış edən şair və yazıçılar öz kitablarını kitabxanaya və oxuculara hədiyyə ediblər. Astara rayonundan olan yazıçı Sürəddin Əliyev isə çıxışında Milli Qəhrəman Pəncəli Teymurov və Astara şəhidləri haqqında yazdığı kitablar barədə məlumat verib və həmin nəşrləri kitabxanaya hədiyyə edib.
Şairlərin ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və tədbirə xüsusi rəng qatıb.
Sonda AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli tədbirə yekun vuraraq kitabın insan üçün ən sədaqətli dost olduğunu vurğulayıb, xüsusilə gənclərə kitablarla daimi təmasda olmağı və oxumağı tövsiyə edib.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Allahverən Pərvizoğlu ✍️
Xeber24.online bölgə müxbiri.



































