Ədəbiyyat

Bir müəllimin izi: nəsillərə yol göstərən ömür— Südabə Hüseynova

Lənkəran Ziyalıların Tanıyaq

Azərbaycan təhsilinin inkişafında zəhməti, biliyi və fədakarlığı ilə seçilən müəllimlər arasında Südabə İsa qızı Hüseynovanın xüsusi yeri vardır. O, Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuş, hələ gənc yaşlarından elmə və təhsilə böyük maraq göstərmişdir.

1975-ci ildə Lənkəran şəhər 1 nömrəli orta məktəbi uğurla bitirən Südabə xanım, həmin il N. Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. 1979-cu ildə ali təhsilini başa vurduqdan sonra doğma şəhərində – Lənkəran şəhər 5 nömrəli tam orta məktəbində əmək fəaliyyətinə başlamış və bu məktəb onun ömür yolunun ayrılmaz bir hissəsinə çevrilmişdir.

Südabə Hüseynova 46 il ərzində riyaziyyat fənnini böyük sevgi ve məsuliyyətlə tədris etmişdir. O, müəllimlik fəaliyyətinin ilk günlərindən müasir və mütərəqqi təlim metodlarına üstünlük vermiş, dərslərin keyfiyyətini artırmaq üçün daim yeniliklərə açıq olmuşdur. Bu yanaşma ona həm pedaqoji kollektivin, həm də minlərlə şagirdin hörmət və sevgisini qazandırmışdır.

Onun yetirmələri bu gün cəmiyyətin müxtəlif sahələrində – tibb, mühəndislik, təhsil, iqtisadiyyat və elm sahələrində uğurla fəaliyyət göstərirlər. Bu isə müəllim əməyinin ən böyük bəhrəsi kimi qiymətləndirilir. Südabə müəllimənin zəngin iş təcrübəsi təkcə məktəb çərçivəsində qalmamış, rayon və respublika mətbuatında geniş şəkildə işıqlandırılmışdır.

1998-ci ildə onun sinif rəhbərliyi sahəsində tətbiq etdiyi qabaqcıl təcrübə rayon məktəblərində yayılmış, Müəllimlərin Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında öyrənilmiş və hətta Özəl Türk Liseylərində tətbiq olunmuşdur. 2002-ci ildən etibarən həyat yoldaşı, təcrübəli pedaqoq Qəhrəman Hüseynovla birlikdə hazırladığı “Sinif rəhbərinin gündəliyi” adlı metodik vəsait müəllimlər üçün dəyərli vəsaitə çevrilmiş, təkcə Lənkəranda deyil, qonşu rayonlarda da geniş istifadə olunmuşdur.

2003-cü ildə onun dərslərində tətbiq etdiyi interaktiv üsullar, xüsusilə “debat” metodu riyaziyyat müəllimləri arasında böyük maraq doğurmuşdur. Həmin il o, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin diplomantı olmuş, müəllimlərin pedaqoji mühazirələrinin Respublika baxışında qalib adını qazanmışdır. Eyni zamanda Azərbaycan müəllimlərinin IV qurultayının nümayəndəsi seçilmişdir. İctimai fəaliyyət sahəsində də fəal olan Südabə xanım Yeni Azərbaycan Partiyasının məktəb təşkilatına rəhbərlik etmişdir.

Peşəsinə dərindən bələd olan Südabə Hüseynova daim öz üzərində çalışmış, yeni təlim metodlarını öyrənərək dərslərində tətbiq etmişdir. Bunun nəticəsi olaraq onun şagirdləri hər zaman yüksək nəticələr əldə etmiş, ali məktəblərə yüksək ballarla qəbul olunmuşlar. Xüsusilə 2019–2020-ci tədris ilində onun 7 il rəhbərlik etdiyi sinfin 22 şagirdindən 16-sının tələbə adını qazanması müəllim əməyinin parlaq göstəricisidir.

Südabə müəllimə yalnız bilik verən pedaqoq deyil, həm də şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan qayğıkeş tərbiyəçi olmuşdur. Onun səmimiyyəti, yüksək pedaqoji etikası və zəngin savadı kollektivdə xüsusi hörmət qazandırmışdır. O, eyni zamanda məktəbin və rayonun ictimai həyatında da daim fəallığı ilə seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Südabə Hüseynova təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür. Bu mükafat onun uzunillik zəhmətinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Südabə xanımın həyatında ailə dəyərləri də xüsusi yer tutur. Həyat yoldaşı, uzun illər təhsil sahəsində çalışmış Qəhrəman Hüseynov 2012-ci ilin may ayında vəfat etmişdir. Onlar birlikdə üç övlad böyütmüş, hər üçünə ali təhsil vermişlər.

2023-cü ildə müqəddəs Həcc ziyarətində olan Südabə Hüseynova mənəvi dünyasını daha da zənginləşdirmişdir. 2024-cü ildə isə uzun və şərəfli pedaqoji fəaliyyətini başa vuraraq təqaüdə çıxmışdır.

Bu gün Südabə Hüseynova yalnız keçmiş müəllim kimi deyil, bütöv bir pedaqoji məktəbin formalaşdırıcısı kimi xatırlanır. Onun ömür yolu gənc müəllimlər üçün örnək, təhsil yolunda çalışanlar üçün isə ilham mənbəyidir.

Allahverən Pərvizoğlu ✍️
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️