Şəhid anası ilə Lənkəranda duyğusal görüş keçirilib
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Fəxrəddin Qurbanlının anası, Bakıdan Lənkərana gəlmiş Həzimə Qurbanova ilə görüşüb.
Görüş zamanı qonaq olmuş şəhid anası övladının göstərdiyi qəhrəmanlıq və şücaətdən danışaraq onun keçdiyi şərəfli həyat yolunu xatırladıb.
Lənkəran MKS-in direktor v.m.i.e Arzuyə Rufullayeva çıxışında vurğulayıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur və onlar heç vaxt unudulmayacaq.
Sonda Şəhid anası Həzimə Qurbanova göstərilən diqqət və qonaqpərvərliyə, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulmasına görə təşəkkürünü bildirib. Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.


