Uşaq ədəbiyyatında yeni nəşr —“Böyük Çinarın Övladları” kitabı çapa hazırlanır
Uşaq ədəbiyyatına yeni və dəyərli töhfə hazırlanır.
Yazıçı-dramaturq Şəfahət Şəfidinin müəllifi olduğu “Böyük Çinarın Övladları” adlı kitab yaxın günlərdə nəşrə təqdim ediləcək.
Xeber24.online xəbər verir ki,
“Böyük Çinarın Övladları” uşaqlar üçün qələmə alınmış maarifləndirici və vətənpərvər ruhlu nağıllar və mini pyeslər toplusudur. Kitabda Azərbaycançılığın mənəvi, tarixi və dövlətçilik dəyərləri balacaların anlayacağı sadə, bədii və təsirli dillə təqdim olunur.
Nəşrdə Bayraq, Gerb, Himn, Konstitusiya, milli valyuta – manat, paytaxt Bakı, Azərbaycan Ordusu, ana dili, Vətən torpağı, şəhidlik anlayışı, eləcə də Şuşa, Qobustan, Qız qalası, Müstəqillik Günü və Novruz kimi mövzular həm nağıl, həm də səhnə üçün mini pyes formatında işlənib.
Əsərlərdə uşaqlara dövlət rəmzlərinin yalnız simvolik məna daşımadığı, eyni zamanda xalqın yaddaşını, qürurunu, birliyini və gələcəyə inamını əks etdirdiyi aşılanır. Hər bir nağıl və pyes balaca qəhrəmanların maraqlı sualları, sehrli hadisələr, müdrik nəsihətlər və gündəlik yaxşı əməllər vasitəsilə Vətən sevgisini canlı hissə çevirir.
Kitabın əsas ideyası isə aydındır: Vətəni sevmək yalnız sözlə deyil, yaxşı oxumaq, zəhmət çəkmək, təbiəti qorumaq, böyüyə hörmət, kiçiyə qayğı göstərməklə və xalqına layiq vətəndaş kimi yetişməklə mümkündür.
Qeyd edək ki, “Böyük Çinarın Övladları” kitabının yaxın zamanda oxuculara təqdim olunması gözlənilir.

