Hadisə

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür.

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur.

“Şərq qapısı” xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub.

Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb.

Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.