BölgəXəbərlər

Lənkəranda Akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb.

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gözlərə nur, qəlblərə ümid bəxş edən alim” adlı tədbir keçirilib.

Tədbir musiqi sədaları altında qonaqların qarşılanması ilə başlayıb. Zal daxilində Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

Tədbirdə rayonun ziyalıları, məktəblilər, ictimaiyyət nümayəndələri və kitabxana əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Xidmət şöbəsinin baş kitabxanaçısı Afaq Mirzəyeva çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, onun insanlara bəxş etdiyi nurdan, yüksək mənəvi keyfiyyətlərindən və zəngin irsindən geniş bəhs edib. O qeyd edib ki, Zərifə xanım Əliyeva yalnız böyük alim deyil, həm də qayğıkeş ana, vətənpərvər ziyalı kimi xalqımızın yaddaşında daim yaşayır.

Daha sonra Qabaqcıl Təhsil İşçisi, “Qızıl Qələm” mükafatı laureatı Südabə Babayeva, Lənkəran MKS-in Boladı kənd 1 saylı kitabxana filialının müdiri Könül İsmayılova, eləcə də Lənkəran Tibb Kollecinin tələbələri Nərmin Rüstəmova və Rəvanə Bəşirli, III-dəfə respublika mahnı müsabiqəsi laureatı Allahverən Pərvizoğlu çıxış edərək Zərifə Əliyevanın elmi fəaliyyəti, insanlara olan sonsuz sevgisi və gənc nəsil üçün örnək olan həyat yolundan danışıblar. Onlar çıxışlarında Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərin bu gün də aktuallığını qoruduğunu, onun elmi irsinin müasir tibb elminə mühüm töhfələr verdiyini xüsusi vurğulayıblar.

Eyni zamanda bildirilib ki, Zərifə Əliyevanın həyat yolu gənclər üçün həm elmə bağlılıq, həm də vətənə sədaqət baxımından parlaq nümunədir. Onun zəngin irsi, humanist ideyaları və insanlara xidmət prinsipləri gələcək nəsillərin yetişməsində mühüm rol oynayır.

Tədbirin bədii hissəsində Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Kərimli və Səbinə Əzimovanın ifasında akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.