Lənkəranda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran rayon bölməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, agentliyin Lənkəran rayon bölməsinin rəisi Xalid Ələkbərli, qurumun əməkdaşları və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xalid Ələkbərli iştirakçıları salamlayaraq, Ümummilli Liderin zəngin siyasi irsindən və dövlətçilik ənənələrinin formalaşmasındakı mühüm rolundan bəhs edib.
Daha sonra Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışında Xalid Ələkbərli Ulu Öndərin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, milli ideologiya olan Azərbaycançılıq məfkurəsinin əsas dəyərlərindən geniş söz açıb. Qeyd olunub ki, bu siyasi kurs ölkənin müstəqilliyinin qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və milli birliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, Azərbaycançılıq ideologiyası yalnız siyasi baxışlar sistemi deyil, eyni zamanda milli-mənəvi dəyərlərə bağlılıq, tarixə və mədəniyyətə hörmət, dövlətə sədaqət və vətəndaş həmrəyliyinin ifadəsidir. Bu ideyaların bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən agentliyin əməkdaşı Vüsalə Cahangirova milli dəyərlərin qorunmasının və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Heydər Əliyev ideyalarının müasir dövrdə aktuallığını qeyd edib, partiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və cari məsələlər barədə ətraflı məlumat verib. Çıxış zamanı təşkilat daxilində aktual məsələlər müzakirə olunub, təkliflər səsləndirilib və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Sonda bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Tədbirin ideoloji birliyin möhkəmləndirilməsi və ictimai fəallığın artırılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.




