Lənkəranda Heydər Əliyevin 103 illiyinə həsr olunmuş qanvermə aksiyası keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında xeyriyyə məqsədilə qanvermə aksiyası təşkil olunub.
Aksiyada YAP Lənkəran rayon təşkilatının əməkdaşları, partiya fəalları, rayonun idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri də daxil olmaqla 150 nəfərə yaxın partiya üzvü könüllü şəkildə iştirak edib.
Qanvermə aksiyasına Respublika Qan Bankının Lənkəran Bölməsini təmsil edən tibbi heyət cəlb olunub. Həkimlər tərəfindən hər bir donor əvvəlcədən müvafiq tibbi müayinədən keçirilib, sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra uyğun olan şəxslər qanverməyə cəlb olunublar.
Aksiya talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq, Respublika Qan Bankının qan ehtiyatını artırmaq və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini təşviq etmək məqsədi daşıyıb.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, mütəmadi qan köçürülməsinə ehtiyacı olan pasiyentlər üçün donor qanı həyatın qorunmasında mühüm rol oynayır. O, bu cür təşəbbüslərin davamlı keçirilməsinin cəmiyyətin sağlamlıq rifahına əhəmiyyətli töhfə verdiyini vurğulayıb və sağlamlığı imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırıb.
İ. Əmənullayev qeyd edib ki, YAP Lənkəran rayon təşkilatı bundan sonra da cəmiyyət üçün faydalı sosial təşəbbüslərdə fəal iştirak edəcək, humanitar aksiyaları dəstəkləməyə davam edəcək.
Sonda belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlıq ifadə olunub.
Qanvermə aksiyasına YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevin ilk olaraq qan verməsi ilə start verilib, daha sonra təşkilat üzvləri və digər iştirakçıların iştirakı ilə aksiya uğurla başa çatıb.








