İcra başçısı Avropa çempionu Elmin Əliyev və məşqçisi Alı Ağayevi qəbul edib
Mayın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Elmin Əliyev və onun məşqçisi Alı Ağayevi qəbul edib.
Görüş zamanı Taleh Qaraşov idmançını qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edərək, Dövlət Bayrağımızı beynəlxalq arenalarda ucaltdığına, Dövlət Himnimizi səsləndirdiyinə və ölkəmizi layiqincə təmsil etdiyinə görə təşəkkürünü bildirib.
İcra başçısı çıxışında ölkədə gənc nəslin sağlam ruhda böyüməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən söz açaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmanın inkişafına göstərdiyi diqqət və qayğını vurğulayıb. Qeyd olunub ki, peşəkar idmançıların yetişməsi üçün ölkəmizdə bütün zəruri şərait yaradılıb və idmançılar daim dövlət qayğısı ilə əhatə olunurlar.
Avropa çempionu Elmin Əliyev və məşqçisi Alı Ağayev isə öz növbəsində idman sahəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, əldə etdikləri uğurlarda yaradılan şəraitin mühüm rol oynadığını bildiriblər. Onlar dövlət tərəfindən fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

