BölgəXəbərlər

Masallıda “Heydər Əliyev irsi ilə Böyük qayıdışa doğru” mövzusunda konfrans keçirilib

Mayın 1-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Masallıda “Heydər Əliyev irsi ilə Böyük qayıdışa doğru” adlı konfrans təşkil olunub.

Konfrans Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə təşkilatçılığı, Yaradıcı Gənclər İctimai Birliyi, Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi və Masallı ASAN xidmət mərkəzinin tərəfdaşlığı ilə Masallı şəhərində yerləşən Asan Həyat Kompleksinin kino klubunda baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və dövlət gənclər siyasətinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, bu siyasət bu gün də uğurla davam etdirilir, gənclərin vətənpərvər ruhda yetişməsi və cəmiyyətin fəal üzvlərinə çevrilməsi istiqamətində mühüm rol oynayır.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransın gedişində YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Ümumilikdə 8 nəfərə partiya vəsiqəsi verilib, 2 nəfər gənc isə xüsusi hədiyyə ilə təltif olunub.

Sonda tədbirin əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, Heydər Əliyev irsinin təbliği və gənc nəslə aşılanması Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.