Maqazin

DANABAŞ KƏNDİNDƏN MƏKTUB: ZƏR VƏ ZƏHMƏT

Xeyli vaxt idi ki, şəhərin o qondarma şan-şöhrətindən, gurultulu küçələrindən canımı qurtarıb, dincəlmək ümidi ilə dədə-baba kəndimizə pənah gətirmişdim. Səhər yenicə açılırdı ki, kəndə ayaq basdım.

Amma nə görsəm yaxşıdır? Mən elə bilirdim kəndə gəlmişəm; sən demə, zaman maşınına minib düz yüz il əvvəlin “Danabaş kəndi”nə düşmüşəm.

On beş manatlıq “Cənnət”

Kənd xanımlarının işə gedən vaxtı idi. Şükürlər olsun ki, əvvəlki illərə nisbətən iş yerləri açılıb, amma gəl gör ki, bu ağır zəhmətin mükafatı cəmi on beş manatdır.

Bu fədakar qadınlar həmin pulla evdə elə bir möcüzə yaratmalıdırlar ki, axşama süfrədə heç olmasa bir “soğan-su”yu, yaxud yağsız kartof soyutması olsun.

İşdən qayıdanda ət dükanının qarşısından keçərkən ayaq saxlayıb, qarmaqdan asılmış ətlərə elə həsrətlə baxırlar ki… Sanki xəyallarında o ətdən doyunca bir xörək bişirib övladlarının qabağına qoyurlar.

Heyhat, xəyal zəngin, qazan isə boş!

Çayxana “Akademiyası” və Geosiyasi Dərdimiz

Xanımlar tarlada tər tökdükdən sonra səhnəyə kəndin “ağsaqqalları” və “strateqləri” çıxır.

Kənd çayxanasının qabağına yığışıb dünyanın geosiyasi vəziyyətini elə şövqlə şərh edirlər ki, sanarsan Ağ Evin, yaxud Kremlin açarları bunların cibindədir.

Dünyanı bölüşdürüb qurtarandan sonra isə başlayırlar ətrafa boylanmağa: görəsən, bir “qurban” tapılarmı ki, çayxanaya girib onun hesabına iki stəkan çay içib “şöhrətlərinə” davam etsinlər?

Bir qismi isə mizin üstünə zəri elə bir nərə ilə çırpır ki, elə bil uduşunda evə bütün ərzaqları alıb bayram süfrəsi açacaq.

Zər atmaqla qarın doysaydı, bizim kənd dünyanın ən zəngin məkanı olardı.

Xortdanın Məktubları və Sabirin Ruhu

Çayxananın yanından keçəndə bu “siyasi icmalçılar” söhbəti yarımçıq qoyub başıma cəm oldular.

Onları çaya dəvət etdim. Çay içə-içə yenə başladılar dünyanı qırıb-çatmağa.

Birdən mənə üz tutub dedilər: — A bəy, sən mərkəzdə olursan, oxumuş adamsan, bu işlərə nə deyirsən? Mən də dərindən bir ah çəkib dedim: — Vallah, mən sizin bildiyiniz qədər savadlı deyiləm.

“Danabaş kəndinin əhvalatı” ilə “Xortdanın cəhənnəm məktublarını” yenicə oxumağa başlamışam.

Hələ ki kəndin içindən çıxıb dünyaya baxa bilmirəm.

Bir qədər sükut çökdü, amma cəmi bir neçə saniyə.

Yenə başladılar öz siyasi icmallarına. O məqamda rəhmətlik Sabirin ölməz misraları yaddaşımda canlandı: “Dindirir əsr bizi, dinməyiriz…”

Rəhmətlik sanki bu günümüzü görürmüş. Dərdimiz bizi əsir edib, yoxsulluğumuz dindirir, amma biz hələ də özgənin siyasətindən dəm vururuq.

Son Söz: Ümid və Çarəsizlik Arasında

Əlqərəz, çayxanadan çıxıb düz evə getdim. İstirahət yaddan çıxdı. “Hophopnamə”ni qabağıma qoyub oxumağa başladım.

Oxuduqca sanki kitabın səhifələri canlanır, ətrafımdakı acı həqiqətlər daha qabarıq görünürdü. Birdən qapı döyüldü. Açanda qonşum Cəlilin həyat yoldaşı Zeynəbi gördüm.

Dedi ki, Cəlil işdən qayıdıb, axşam bizə təşrif buyurmağınızı xahiş edir. Cəlilin məktəbli beş uşağı var idi.

Ailəsini dolandırmaq üçün gecə-gündüz çalışsa da, yenə ehtiyac içində boğulurdu. Halbuki bir vaxtlar beş uşaqlı ailələr çoxuşaqlı ailə sayılır, dövlət tərəfindən sosial təminatları ödənilir, mütəmadi olaraq diqqət və qayğı ilə əhatələnirdi.

Axşam onlara yollandım. Evə daxil olanda mənzərə ürək ağrıdırdı; hər tərəf bərbad vəziyyətdə idi. Cəlil məni görən kimi ümidlə dedi: — Ay qonşu, yeganə ümidimiz sənədir.

Televizorda deyirlər ki, sosial yardım almaq asanlaşıb. Amma biz qaydasını bilmirik, bizə bir yol göstər.

İnternet üzərindən xeyli araşdırma apardıqdan sonra sanki daş qayaya rast gəldim.

Şərtlər birmənalı idi: Cəlil məşğulluğunu təmin etmək üçün 12 ay ardıcıl sığorta vergisi ödəməli idi ki, sonra yardım üçün müraciət edə bilsin. Borc içində batan adam üçün bu, qeyri-mümkün idi.

Götür-qoy etdikdən sonra ortada tək bir acı çarə qalırdı: Cəlil arvadından rəsmən boşanmalı idi ki, “tək ana” statusu ilə ailə yardım ala bilsin. Bu mənzərə mənə “Ölülər” əsərindəki Hacı Baxşəlini xatırlatdı; o da arvadı Zeynəbi “üç təlaq”la boşayıb Şeyx Nəsrullaya yalvarmaq məqamına düşmüşdü.

Axı bu bədbəxt ailə hələ bir vəkilə pul ödəyib boşanmalıdır ki, sonra yardım alıb-almayacağı naməlum olan bir yola çıxsın.

Özünüməşğulluq proqramı isə bir il vaxt tələb edirdi – aclığın isə bir gün belə gözləməyə səbri yoxdur.

Ailənin gözləri isə hələ də böyük bir ümidlə mənə dikilmişdi.

Mən isə düşünürəm: ailənin belə acınacaqlı vəziyyətdə yaşamasına kim məsuliyyət daşıyır? Sosial yardımın verilmə qaydalarını tətbiq edənlər, yoxsa öz maddi durumunu nəzərə almayıb beş övlad dünyaya gətirən ailə?

Zahid Həbiboğlu Səmədov Azərbaycan Jurnalistlər Birliyinin üzvü