GƏLƏCƏYİN HÜQUQŞÜNASLARI MİLLİ MƏCLİSDƏ
30 aprel 2026-cı il həyatımda həm tarixi, həm şərəfli, həm də sevinc və qürur dolu bir gün olaraq yerini aldı. Həmin gün mən tələbəsi olduğum Milli Aviasiya Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə yoldaşlarımla birgə dövlətimizin qanunverici hakimiyyətinin həyata keçirildiyi, parlamentarizm tariximizin canlı şahidi olan Milli Məclisdə oldum. Qanunlarımızın başlanğıc götürdüyü bu tarixi və əzəmətli məkanla başdan-sona tanış oldum. Bələdçilərin köməyi ilə müstəqil Azərbaycanımızın 35 illik şanlı dövlətçilik və parlamentarizm səhifəsini qürurla vərəqlədik.
İlk olaraq Milli Məclisdə millət vəkillərimizin xalqımız üçün taleyüklü qərarları müzakirə etdiyi o geniş və geniş olduğu qədər də əzəmətli zala daxil olduq. Tələbə gənclər olaraq biz millət vəkillərinin kreslolarında əyləşdik. Bu zaman bələdçilər Milli Məclisin yoğun iş qrafikini diqqətimizə çatdırdılar. Qeyd olundu ki, hər bir deputatın iş masası ənənəvi qaydalardan qəti surətdə kənara çıxaraq texnoloji yenilikləri özündə əks etdirir. Kreslolar, habelə iş masaları üzərlərində yerləşmiş qurğular sayəsində müəyyən istiqamətə hərəkət edə bilir. Kiçik və göz yormayan notbuklar isə millət vəkillərinin səmərəli fəaliyyət göstərməsi üçün quraşdırılmışdır. Deputatlar öz vəsiqələrini iş masalarında ayrılmış müvafiq hissəyə daxil edərək fəaliyyətlərinə başlaya bilirlər. Bələdçilər ekskursiya zamanı qeyd etdilər ki, bu kimi yeniliklər Azərbaycan Milli Məclisinin MDB-nin ən müasir parlamentlərindən biri olduğunun bariz göstəricisidir.
Bələdçilər tələbələrin millət vəkillərinin iş qrafiki ilə bağlı verdikləri digər sualları cavablandırdılar və sonra biz parlament binasında yerləşən Heydər Əliyev Muzeyinə yollandıq. Ulu Öndərimizin adına layiq bir şəkildə bəzənmiş və sanki işıq saçan muzeydə biz dahi şəxsiyyətin xalqımıza həsr etdiyi 80 illik keşməkeşli ömür yoluna bir daha nəzər saldıq. Xüsusilə, Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsi, Azərbaycan SSR və SSRİ Ali Sovetlərinə, həmçinin digər qurumlara üzvlüyünü göstərən vəsiqələr, Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı elanlar, Naxçıvan Muxtar Respublikasına başçılıq etdiyi zaman verdiyi qərarların surətləri və s. diqqətimizi çəkən əsas eksponatlardan oldu. Bələdçilər müxtəlif ölkələrdən gələn ziyarətçilərin zaman-zaman yazdıqları qeydlərdən ibarət olan xatirə kitablarını da nümayiş etdilər.
Sonra Milli Məclisdə baş tutan görüşlərin, ziyafətlərin keçirildiyi yer olan Xarıbülbül bağında olduq. Bununla yanaşı, ekskursiya zamanı Türkiyə, Misir, Rusiya, Əlcəzair və s. dövlətlərin rəhbərliyinin Milli Məclisə bağışladıqları suvenirlər və s. qiymətli hədiyyələr diqqətimizi çəkdi.
Milli Məclisin dəhlizlərində böyük divardan asılan geniş rəsm əsəri xüsusilə diqqətəlayiq idi. Bu rəsmə SSRİ-nin və Azərbaycanın görkəmli xalq rəssamı olan Toğrul Nərimanbəyovun sözün əsl mənasında, ustad dərsi demək olardı. Bələdçilər söylədilər ki, vaxtilə bu divarda başqa bir böyük rəsm əsəri sərgilənirdi. Orada Sovet Azərbaycanının nişanəsi olan bir çox simvollar, şəxslər, SSRİ-nin qurucusu Vladimir İliç Lenin, Azərbaycana şöhrət gətirən neft buruqları, pambıq sahələri və s. təsvir olunmuşdu. Lakin vətənimiz müstəqillik əldə etdikdən sonra milli dəyərlərimizi əks etdirən bir şah əsərə ehtiyac yarandı. Bu zaman o şah əsəri Toğrul Nərimanbəyov ərsəyə gətirdi. Sovet dövrünü özündə əks etdirən rəsm əsəri yerinə, Qız qalasını, üçrəngli bayrağımızı, Nizami, Nəsimi kimi dahi şəxsiyyətlərimizi və daha bir çox milli irsimizin nümunələrini nümayiş etdirən sənət əsəri Milli Məclisin daxili interyerini bəzədi. Görkəmli rəssam xaricdə yaşasa da, həyatının son illərində belə burada olmuş və müəllifi olduğu əsərə bir çox düzəlişlər əlavə etmişdir.
Parlamentimizin dəhlizlərində yer alan, bizim üçün böyük əhəmiyyətə sahib olan şərəf və qürur abidəsini xüsusi vurğulamalıyam. Bu abidə 44 gündə, həmçinin sonrakı “Qisas” və antiterror əməliyyatlarında canı, qanı bahasına xalqımızın alnından qaçqınlıq və məğlubluq damğasını silərək bizi qalib ölkənin qalib vətəndaşları edən qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsini Milli Məclisdə əbədiləşdirir. Bu abidədə Vətən uğrunda, Qarabağın azadlığı uğrunda bir an belə düşünmədən canını fəda etmiş 3000-ə qədər qəhrəmanımızın mübarək adları həkk olunmuş, onlara dövlətimiz tərəfindən şəhadətlərindən sonra verilən orden və medallar yer almışdır. Azərbaycanın başlıca dövlət qurumları kimi Milli Məclis də şəhidlərimizi unutmur, onların əbədi xatirələrini dərin hörmət hissi ilə yad edir.
Beləcə, son xatirə fotoşəkillərini çəkdikdən sonra Azərbaycan dövlətçilik tarixində xüsusi mövqeyə sahib olan Milli Məclisə – ətrafındakı binalardan seçilən bu əzəmətli binaya olan səfərimiz başa çatdı. Bu səfərdən geriyə təkcə xatirə fotoşəkilləri yox, həm də Milli Məclisdə tələbə yoldaşlarımla birgə yaşadığım unudulmaz xatirələr və təəssüratlar qaldı.
Son olaraq onu deyə bilərəm ki, bu səfər hər gəncə, hər tələbəyə qismət olmadığına görə xüsusilə bizim üçün qiymətlidir. Gəncliyinin ilk baharında, ali təhsil kimi çətin, uzun, amma şərəfli yolda ilk qədəmlərini qoyan biz tələbələr üçün müstəqilliyimizin bu qocaman nişanəsinə səfər etmək böyük lütfdür. Ona görə də, səfərimizin təşkilində əməyi olan hər kəsə, Milli Məclisin və Milli Aviasiya Akademiyasının rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm. Xüsusilə, səfərimizin baş tutmasında böyük təşəbbüs göstərmiş, səfərdə başdan-sona bizimlə olaraq bizi parlamentarizm tariximizlə tanış etmiş, mənə və qrup yoldaşlarıma “Konstitusiya hüququ” fənnini tədris edən müəllimim, hüquq elmləri doktoru çox hörmətli Araz müəllim Qədiməliyevə minnətdaram.
Azərbaycan gəncləri hər zaman vətənimizdə hüquqi dövlət quruculuğuna töhfə verməyə çalışacaqdır!
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
02.05.2026

