Lənkəranda “Heydər Əliyev fenomeni: tarixi-siyasi təhlil və müasir çağırışlar” mövzusunda konfrans keçirilib
Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: tarixi-siyasi təhlil və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfrans başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Leyla İbrahimova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, bu irsin gənc nəslə çatdırılmasının və vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıb.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev isə bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Heydər Əliyev ideyalarının Azərbaycanın inkişafında və dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra tədbir çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, milli ideologiyanın inkişafında və müasir çağırışlara uyğun strategiyanın müəyyənləşdirilməsində Heydər Əliyev fenomeninin xüsusi rolunu qeyd ediblər.
Məruzələrdə Heydər Əliyev fenomeni tarixi-siyasi kontekstdə geniş təhlil olunaraq onun aktuallığının bu gün də davam etdiyi vurğulanıb.
Sonda qeyd olunub ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dövlətçilik ənənələrinin öyrənilməsinə və Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin təbliğinə mühüm töhfə verir.
Tədbirin sonunda bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub, həmçinin partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

