Rayonumuza təyin olunan rəhbərin adının Şeyx Nəsrullah olduğu xəbəri ildırım sürəti ilə yayıldı. Bu adı eşidincə xəyalım məni ustad Mirzə Cəlilin “Ölülər” dünyasına apardı: görəsən, gələn həmin Şeyxdir, yoxsa sadəcə ad bənzərliyidir? Məsələnin mahiyyətindən halı olmaq üçün qiyafəmi dəyişib rayon mərkəzindəki məşhur çayxanaya yollandım.

Bizim tərəflərin adamı çaya meylli olduğundan, rayonda çayxana sarıdan qıtlıq yoxdur. Lakin bəhs etdiyim bu məkan öz xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bura bir çox rəsmi qurumların inzibati binaları ilə qonşu olduğundan, rayonun bütün “vəzifəli şəxsləri” və “işbilənləri” məhz burada cəmləşir. Vətəndaşların müvafiq idarələrdə illərlə həllini tapmayan müşkülləri bu çay süfrəsi arxasında, bu “işıq dünyasında” bir anın içində çözülür.

Misal üçün, Xan əmini götürək. Bu kişini tanımayan idarə, onun nüfuzuna bələd olmayan məmur yoxdur. Elə bir məsələ də yoxdur ki, Xan əmi onu yoluna qoya bilməsin. Əmioğlum Cəfər neçə il idi ki, sürücülük vəsiqəsi almaq həsrəti ilə yolları ölçürdü, imtahan sədlərini aşa bilmirdi. Bir gün Xan əmi ilə üz-üzə gəldi, məqsədini ona bildirdi. Cəmi on beş dəqiqə ərzində Cəfərin illərlə bitməyən dərdi sona çatdı. Nə yaxşı ki, Xan əmi kimi “xeyirxahlar” var, yoxsa işi müşkülə düşən sadəlövhlərin halı necə olardı?

Bu çayxananın bir dəstə daimi müştərisi də var ki, özlərini peşəkar jurnalist kimi qələmə verirlər. El arasında onlara “papkalılar” deyirlər. Hər gün kostyumlarını geyinib, əllərində iri bir portfellə mühüm bir dövlət tapşırığını yerinə yetirirmiş kimi əyləşib öz “ovlarını” axtarmağa başlayırlar.

Bunların arasında biri var ki, adı Göygöz Musadır. Yaşı səksənə yaxınlaşsa da, tək peşəsi məmurların qapısında boyun bükmək olan bu şəxs mənafeyi naminə ən yaxınını belə qurban verməkdən çəkinməz. Musa sosial mediadan tapdığı hər hansı bir tərif dolu yazını götürüb, oraya rayon rəhbərliyinin adını əlavə edər, altına da öz şəklini və imzasını qoyaraq reklam kampaniyasına başlayar. Həmin yazını çayxanadakılara göstərib: “Bu məmur mənim yaxın dostumdur!” – deyə lovğalanar. Əslində isə, o, sadəcə bir təlxək rolundadır. Mənəviyyat və xarakter baxımından o, ustad Mirzə Cəlilin “Xudayar bəy” obrazına daha çox bənzəyir.

Nəhayət, Şeyx cənabları haqqında məlumat almaq üçün çayxanaya daxil olanda gördüm ki, “baba köçüb, yurdu qalıb”. Çayçı Hacıdan başqa kimsə yoxdur. Soruşanda o, bic-bic gülümsəyib dedi:

– Bəs sənin xəbərin yoxdur? Camaat Şeyxin təbrikinə gedib!

Mən də dabanıma tüpürüb Şeyxin əyləşdiyi binaya yollandım. Bura çatanda böyük izdiham gördüm, iynə atsan yerə düşməzdi. Şeyxin pişvazına ön cərgədə Göygöz Musa ilə birlikdə bütün “papkalılar” düzülmüşdü. Hamısının əlində parıldayan bir ləyən! Gözlər qapıya dikilmişdi.

Birdən qapı açıldı və Şeyx çölə çıxdı. Baxıb gördüm ki, bəli, Şeyx həmin Şeyxdir, dəyişən yalnız libasıdır. Şeyx əllərdəki ləyənləri gördükdə təəccüblə köməkçisi Şeyx Əhməddən soruşdu:

– Axı vaxtilə mən belə qarşılanmamışdım. Bu nə məsələdir?

Bu vaxt Göygöz Musa irəli atılıb, Şeyxin qabağında az qala yerlə bir olacaqmış kimi təzim edərək dilləndi:

– Şeyx cənabları sağ olsun! O vaxt siz bizi tərk edəndən sonra çox fikirləşdik ki, bəlkə xidmətinizdə yetərincə olmamışıq. İndi isə biz sizə bu ləyənlərlə xidmət edəcəyik. Bu ləyənlər biz jurnalistlərin – yəni “papkalıların” ixtirasıdır. Hələ sabunla aftafa gəzdirənlər də yoldadır. Bu ləyənlər bizim sədaqətimizin güzgüsüdür, Şeyx cənabları!

Şeyx Nəsrullah bu mənzərəni görüb şad oldu, sifətində böyük bir təbəssümlə dilləndi:

– Varam sizin xidmətinizə! Görünür, dünya hələ də həmin dünyadır, ölülər də həmin ölülər…

Birdən lap qıraqda qalıb bu izdihamı kənardan seyr edən bir dəstə adam Şeyxin gözünə dəydi. Dərhal onların kimliyi ilə maraqlandı. Köməkçisi Şeyx Əhməd bildirdi ki:

– Deyirlər, onlar gerçək jurnalistlərdir, Mirzə Cəlili gözləyirlər.

Sanki Şeyxi ilan çaldı, bağıraraq:

– Nə? Kim? Mirzə Cəlil?! – deyə yerindəce donub qaldı.

Bu vaxt Göygöz Musanın işarəsi ilə “papkalılar” dəstəsi təzim edərək Şeyxi sakitləşdirməyə çalışdılar. Musa yenə də yaltaqlıqla dilləndi:

– Şeyx cənabları sağ olsun, siz heç narahat olmayın. Nə qədər ki, biz sizin xidmətinizdəyik, Mirzə Cəlil bu məmləkətə gələ bilməz! Biz onun qələmini əlimizdəki bu parıltılı ləyənlə kor edərik!

Bu sözlərdən sonra Şeyxin rəngi özünə qayıtdı. Elə bu an beli bükülmüş, saqqalı tamamilə ağarmış bir nəfər – əlində bir şüşə şərabla izdihamın arasından süzülüb gəldi. Şeyxlə camaatın tən ortasında dayandı. Üzünü oraya cəm olanlara çevirib acı, sarsıdıcı bir qəhqəhə çəkdi:

– Ha-ha-ha!… Allah sizi rəhmət eləsin, ay ölülər! Necə yatmısınızsa, elə də yatın…

Zahid Həbiboğlu Səmədov Azərbaycan Jurnalistlər Birliyinin üzvü

By admin