Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi strategiyanın müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Azərbaycan və böyük türk dünyasının görkəmli ictimai-siyasi xadimi Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.
Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Onun adı yalnız siyasi iradə ilə deyil, həm də dövlətçilik təfəkkürü, milli ruh, strateji zəka və sabaha olan inamla bağlıdır. “Nə qədər Azərbaycan var, mən də olacam!” deyən Ulu Önder Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyi və gələcəyinin təyin olunmasında həlledici rol oynayıb. Onun dövlətçilik fəlsəfəsi təkcə idarəetmə modeli deyil, həm də azərbaycançılıq ideologiyasına söykənən strateji xətdir. Məhz bu fəlsəfə sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və gələcəyə inamla addımladı.
1969-cu İl: Yeni Epoxanın Başlanğıcı
1969-cu il Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. Bu hadisə sadəcə kadr dəyişməsi deyildi – yeni epoxanın başlanğıcı idi. Ulu Öndərin müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində ölkəmiz qısa bir vaxt ərzində ən qabaqcıl respublikaya çevrildi. Bu inkişaf xalqın inamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Azərbaycan şəhərlərinin milli siması formalaşdı. Beləliklə, Azərbaycan Heydər Əliyevin gəlişi ilə öz gücünü kəşf etdi. Həmin dövrdə ölkəmizin postsovet respublikaları və eləcə də Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərində yeni mərhələ başladı. Bir çox beynəlxalq konfranslar, mədəniyyət günləri keçirilir, ayrı-ayrı sahələr üzrə təcrübə mübadiləsi aparılırdı. O vaxt bu elə də asan məsələ deyildi. Ona görə ki, mütləq mərkəzdən razılıq olmalı idi. Lakin Heydər Əliyevin siyasi və şəxsi nüfuzu sayəsində hələ sovet dövründə Azərbaycan beynəlxalq aləmdə tanınmağa başladı.
Milli İntellektual Potensial və Dövlətçilik Mübarizəsi
Dövlətçilik üçün peşəkarlıq və vətənpərvərliyin vəhdəti Ulu Öndərin idarəçilik fəlsəfəsinin əsas sütunlarından biri idi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil aldı. Bu gənclər – müasir Azərbaycanın idarəetməsində, iqtisadiyyatında, təhlükəsizliyində və diplomatiyasında əsas rol oynayan kadrlar oldular. Bu, planlı şəkildə həyata keçirilən milli intellektual potensialın formalaşması prosesi idi. O zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.
Heydər Əliyevin tarixi missiyası ölkəmizin müstəqilliyini bərpa etməsi və sonrakı dövrdə özünü daha qabarıq şəkildə göstərib. Çünki onun üçün hər şeydən əziz xalqı, Vətəni və torpağı idi. Dəfələrlə özü, ailəsi təhlükəyə məruz qalsa da, bu inam və sevgidən bir an belə çəkinmədi. Məlum 20 Yanvar faciəsindən sonra o, dərhal sovet hökumətinin Azərbaycan xalqına karşı törətdiyi cinayəti rəsmən pislədi. Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında yenidən öz liderini gördü. Onun Naxçıvan Muxtar Respublikasında fəaliyyəti isə xüsusilə diqqətəlayiq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi.
Yeni Azərbaycan Partiyası və 1993-cü İl Qayıdışı
Milli dövlətçiliyin mürəkkəb böhranı fonunda, 1992-ci ilin noyabr ayında yaradılan Yeni Azərbaycan Partiyası, Azərbaycanın gələcək demokratik və suveren inkişafı uğrunda mübarizənin flaqmanına çevrildi. Belə bir təşkilatı yaratmaq ideyası, effektiv və hərtərəfli inkişafın uzunmüddətli strateji perspektivinə yönəldilmiş şəkildə irəli sürülmüşdür. Prezident İlham Əliyev qeyd etmişdir ki: “Partiyamızın hakimiyyətə gəlməsi zəruri və qaçılmaz idi. Amma biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır. Lakin, özünü müxalifət adlandıran mövcud qüvvələrdən fərqli olaraq, o, heç vaxt öz dövlətinə və xalqına qarşı çıxmamışdır. Partiyamız və onun üzvləri həmişə dövlətçiliyə sadiq olublar.”
Əlbəttə ki, tarixi paralellik həmişə dəqiq olmur. Lakin xalqımızın yaddaşında 1918-ci ildə qazanılan müstəqilliyin itirilməsi ağır fakt kimi qalmışdı. O zaman müstəqil respublika cəmi iki il yaşadı. Dövlətçiliyimizin bərpasından iki il sonra biz həmin tarixi faciəni yenidən yaşaya bilərdik. Əgər Heydər Əliyev o vaxt xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyinin necə olacağını düşünmək belə qorxulu olardı. 1993-cü ildə, onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan, vətəndaş müharibəsindən xilas oldu.
Sabitlik, İqtisadi Tərəqqi və Sosial Rifah
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində sabitlik – ən yüksək dəyər idi. Çünki sabitlik olmayan yerdə nə iqtisadi inkişaf mümkündür, nə də demokratik institutların formalaşması. Onun tez-tez təkrar etdiyi bir fikir var idi: “Sabitlik olmayan yerdə nə azadlıq olar, nə demokratiya, nə də inkişaf.” Bu, idarəetmənin ən vacib amillərindən biridir.
Məhz Ulu Öndərin siyasi iradəsi, şəxsi nüfuzu əsasında yaranan sabitlik zəminində inkişafa və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı. “Əsrin müqaviləsi” ölkəyə milyardlarla xarici sərmayə gətirdi. Özəlləşdirmə prosesi, sahibkarlığın təşviqi, iqtisadiyyatın şaxələndirilməsi onun əsas prioritetləri sırasında idi. Lakin Ümummilli Lider iqtisadi artımı yalnız rəqəmlərlə ölçmürdü. Sosial müdafiənin gücləndirilməsi, vətəndaş rifahının təmin edilməsi onun üçün iqtisadi siyasətin mənəvi dayaq nöqtəsi idi. Demokratik seçkilərin təşkili, Konstitusiyanın qəbulu, parlament, dövlət institutlarının formalaşması və hüquqi islahatlar, bütün sahələr üzrə qanunvericilik bazasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli və siyasi konsolidasiyanın sintezi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini təşkil etdi.
Qaçqınların Problemi və Ata Vəsiyyəti
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyanın ən çətin məsələlərindən biri olan – qaçqın və məcburi köçkünlərin problemlərini həll etmək məcburiyyətində qaldı. Onda Azərbaycanda əhalinin hər 8 nəfərindən biri qaçqın və ya məcburi köçkün idi. Dünyada yeganə olan bu fakt, klassik siyasi çağırış yaratdı: dövlətin məqsədi fərd və onun ləyaqətli həyatıdır. Azərbaycan real həyatda bunu sübut etməli idi. Ölkənin neft pulları ən vacib milli məqsədlərə – güclü ordu və qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Bu ailələr Ulu Öndərin bir an belə yadından çıxmırdı, daim onların yanında idi. Çadır şəhərciklərini gəzir, bu insanlara təsəlli verirdi. Daha yaxşı şəraitin yaradılması üçün çalışırdı. Onun bu siyasətini Prezidentimiz İlham Əliyev uğurla davam etdirdi. Onlar üçün yaşayış məskənləri salındı, təhsil almaq, işləmək və yaşamaq üçün imkanlar yaratdı. Artıq 5 ildən çoxdur ki, “Böyük Qayıdış” planı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, 60 minə yaxın insan öz doğma, tarixi torpaqlarına sevinclə qayıdırlar.
Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların təzyiqlərinə qarşı güclü müqavimət göstərirdi. Onlar deyirdilər ki, “torpaqların itirilməsi reallığı”nı qəbul etmək lazımdır. Ancaq o, bununla barışmadı. Ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını əsaslı şəkildə sübut edir və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə aparırdı. Bütün dünyaya çağırış etdi: “Biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik”. Belə də oldu.
2020-ci ildə noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edən zaman Prezident İlham Əliyev dedi ki, “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. O zaman bildik ki, Ulu Öndər öz oğluna Qarabağı azad etməyi vəsiyyət edib. İlham Əliyevin təkcə prezident kimi deyil, həm də bir oğul kimi öz üzərinə böyük məsuliyyət götürdüyünü anladıq. Prezident İlham Əliyevin mövqeyi üçün model – onun ailəsi, valideynlərinin nümunəsi, təcrübələrinin ötürülməsi və sözlərinə sadiqliyi ilə formalaşırdı.
Ailə Dəyərləri və Müasir Azərbaycanın Zəfəri
Bu məqamda mən, Ümummilli Liderimizin ailəyə, ailə dəyərlərinə olan münasibətini yada salmaq istəyirəm. O deyirdi ki: “Ailə dəyərləri xalqımız üçün həmişə doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri bizim milli dəyərlərimizdir”. Ulu Öndər ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq konvensiyalara qoşulmuş və bu sahədə qanunvericilik bazası formalaşmışdı.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər və onun həyat yoldaşı Zərifə xanım Əliyeva hər kəsə nümunə ola biləcək bir ailə həyatı yaşayıb. Ona görə də onların hər bir sözü, fikri səmimiyyətlə qəbul olunurdu. Yüksək mənəvi keyfiyyətlərdən, ailə dəyərlərindən danışanda gərək insan özü də həmin meyarlara uyğun gəlsin, mənəvi haqqı olsun. Prezident İlham Əliyev də hər zaman deyir ki, “Ailə bizim cəmiyyətimizin əsas sütunudur”. Bu gün dövlətimizin başçısı İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın ailə ənənələrini ləyaqətlə davam etdirdiklərini görürük.
Gələcəyə Uzanan Yol Xəritəsi
Fəxrlə demək olar ki, biz Ulu Öndər Heydər Əliyev irsinin zəfər mərhələsini yaşayırıq. Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. “Eurovision” musiqi festivalı, Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, Formula – 1 yarışları, mədəniyyətlərarası və sivilizasiyalararası forum və konfranslar ölkəmizin nüfuzunu artırır. Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişikliyi Konfransı (COP29) və 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) kimi beynəlxalq miqyaslı tədbirlər isə Azərbaycanın xarici siyasət arenasında növbəti uğurudur.
Qarabağ Zəfəri, Böyük Qayıdış proqramı, regionun lider dövlətinə çevrilmək istiqamətində atılan qlobal təşəbbüslər bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün yeni mərhələyə qədəm qoyub. Bu mərhələ – zəfər mərhələsidir. Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqı üçün dövlətçilik məktəbi, inkişaf modeli və sabitliyin rəmzidir. Onun mirası təkcə tarix deyil, gələcəyə uzanan yol xəritəsidir.
Qürurla və ehtiramla xatırlayırıq. 1923 – ♾️
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri ✍️

