Lənkəran Mərkəzi Kitabxanasında gənc şair-publisist, 8 kitab müəllifi, AYB və AJB üzvü Sevindik Nəsiboğlunun müəllifi olduğu “Suverenliyimizi təmin edənlər” adlı kitabı Lənkərandan olan antiterror əməliyyatları Şəhidlərinin ailə üzvlərinə təqdim olunmuşdur.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in Kompleksləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Aytən Hüseynova şəhidlərin xatirəsinin hər zaman ehtiramla anıldığını bildirib, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.
Daha sonra ictimai fəal, III Respublika Mahnı Müsabiqəsinin laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu çıxış edərək müəllif Sevindik Nəsiboğlunun şəhid ailələrinə salamlarını çatdırıb, kitabın məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirin sonunda “Suverenliyimizi təmin edənlər” kitabı şəhid ailələrinə təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və ehtirama görə təşkilatçılara təşəkkür edib, övladlarının xatirəsinin daim yad edilməsinin onlar üçün böyük mənəvi dəyər daşıdığını bildiriblər.
Təqdimatda AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov və sədr müavini Saleh Dostiyev də iştirak ediblər.
Qeyd edək ki, gənc şair-publisist Sevindik Nəsiboğlunun müəllifi olduğu “Suverenliyimizi təmin edənlər” kitabında antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan igidlərimizdən bəhs edilib, həmçinin əməliyyatlarda canından keçən lənkəranlı qəhrəmanlarımız haqqında yazılar da yer alıb.
ALLAHVERƏN PƏRVİZOĞLU
İctimai fəal III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə

