13 may 2026-cı il tarixdə Biləsuvar rayonunda “Ailədaxili zorakılığın qarşısının alınmasının hüquqi əsasları” və “Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin əsasları” mövzularında maarifləndirici tədbir keçirilib.
Biləsuvar Rayon Prokurorluğunun təşəbbüsü və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi ailə institutunun qorunması, ailə-məişət zorakılığı hallarının qarşısının alınması, erkən nikahın yaratdığı sosial və hüquqi problemlərlə bağlı ictimai maarifləndirmənin artırılması, xüsusilə gənclər və valideynlər arasında hüquqi biliklərin genişləndirilməsi olub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Rayon Prokuroru Ramin Nağdəliyev, Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, ümumtəhsil məktəblərinin direktorları, aidiyyəti dövlət qurumlarının əməkdaşları, bələdiyyə nümayəndələri və ictimaiyyət üzvləri iştirak ediblər.
Tədbirdə Biləsuvar Rayon Prokurorunun köməkçisi Aytac Əkbərova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, ailədaxili zorakılığın qarşısının alınmasının hüquqi əsasları, zorakılığa məruz qalan şəxslərin müdafiə mexanizmləri, vətəndaşların hüquq və vəzifələri, həmçinin bu kimi hallara görə qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verib.
Çıxış zamanı qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən ailə-məişət zəminində baş verən hüquqpozmalara qarşı operativ tədbirlər görülür, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
Həmçinin, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında erkən nikah hallarının yaratdığı sosial və psixoloji problemlərdən bəhs edib. O bildirib ki, bu hallar uşaqların təhsil hüququna, sağlam inkişafına və gələcək həyatına ciddi mənfi təsir göstərir. Vurğulanıb ki, erkən nikah Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunur və bu halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır.
Çıxışlarda ailə dəyərlərinin qorunmasının, sağlam cəmiyyətin formalaşdırılmasının və valideyn məsuliyyətinin artırılmasının vacibliyi xüsusi qeyd olunub.
Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, hüquqi maarifləndirmənin gücləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Sonda bildirilib ki, ailədaxili zorakılıq və erkən nikah kimi halların qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin davamlı keçirilməsi, dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığın genişləndirilməsi və gənc nəslin hüquqi biliklərinin artırılması mühüm əhəmiyyət daşıyır.

