Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın və Dövlət Komissiyasının İş Planının icrası ilə bağlı Astara Pedaqoji Kolleci və Astara Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox, deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, professor Kamran Kazımov narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən, xüsusilə gənclərin sağlam gələcəyinin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, sağlam, vətənpərvər və savadlı gənclərin formalaşdırılması hər bir təhsil müəssisəsinin əsas prioritet istiqamətlərindəndir.

Daha sonra Astara Rayon Polis İdarəsinin rəisi Azər Cəfərov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu istiqamətdə həyata keçirilən profilaktik tədbirlər və hüquqi məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verib. O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzi seçməyə çağırıb.

Tədbirdə iştirak edən Astara Rayon Mərkəzi Xəstəxanasının həkimi Kazımzadə Bəhruz isə narkomaniyanın insan sağlamlığına vurduğu ağır fəsadlardan bəhs edib, psixoloji və fiziki asılılığın yaratdığı təhlükələri diqqətə çatdırıb.

Maarifləndirici görüş tələbələrin suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

By admin