14 may 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrı kollektivinin Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış eyni adlı tamaşası ilə Astara rayonuna uğurlu qastrol səfəri baş tutub. Tamaşaya Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova quruluş verib.
Astara Rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa rayon ictimaiyyəti və sənətsevərlər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Səhnə əsərinin aktuallığı, aktyorların peşəkar oyunu və tamaşanın emosional təsiri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Tamaşadan sonra rayon ziyalıları çıxış edərək səhnə əsəri barədə xoş fikirlərini bölüşüb, əsərdə ailə dəyərlərinin və cəmiyyət üçün mühüm mesajların təsirli şəkildə təqdim olunduğunu vurğulayıblar.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova tamaşadakı aktyor oyunlarını yüksək qiymətləndirərək, xüsusilə Fənayə obrazını canlandıran Gülər Kərimli və Haris rolunun ifaçısı Teymur Hacızadənin çıxışlarını qeyd edib. O, tamaşada ailə dəyərlərinin dolğun və təsirli şəkildə təqdim olunduğunu vurğulayaraq Gülər Kərimliyə kəlağayı hədiyyə edib.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon üzrə nümayəndəsi Anar Kəkəyev isə çıxışında Lənkəran Dövlət Dram Teatrının son illərdəki uğurlu fəaliyyətindən bəhs edib, teatrın Astara rayonu ilə əlaqələrinin genişlənməsində Laləzar Hüseynovanın xüsusi rolunu vurğulayıb.
Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova səmimi qəbula görə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayeva və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncova minnətdarlığını bildirib. O qeyd edib ki, əsərdə toxunulan problemlərin bu günün reallıqları ilə səsləşməsi tamaşanın aktuallığını və əhəmiyyətini daha da artırır.
Laləzar Hüseynova Astara tamaşaçılarına göstərilən diqqət və isti münasibətə görə təşəkkür edib, gələcəkdə də belə yaradıcılıq görüşlərinin davam etdiriləcəyini vurğulayıb.

